4 İyul – Beynəlxalq Əsir Delfinlər Günüdür

Qeyd edək ki, dəniz heyvanlarından hərbi məqsədlərlə istifadə olunması ideyası hələ ötən əsrin əvvəllərində meydana gəlib

1669470
4 İyul – Beynəlxalq Əsir Delfinlər Günüdür

 

  4 İyul – Beynəlxalq Əsir Delfinlər Günüdür (1960). Bu günün təsis olunması delfinlərin və digər dəniz məməlilərinin hərbi məqsədlərlə istifadə olunması və onların qapalı yerlərdə saxlanmasına qarşı mübarizə aparanlar tərəfindən irəli sürülüb.

  Qeyd edək ki, dəniz heyvanlarından hərbi məqsədlərlə istifadə olunması ideyası hələ ötən əsrin əvvəllərində meydana gəlib. Düşmən gəmilərinin partladılması, minaların aşkara çıxarılması, düşmən üzgüçü-kəşfiyyatçıların zərərsizləşdirilməsi üçün xüsusi delfin dəstələrinin yaradılması təklif olunurdu. Belə layihələr 1960-cı illərdən başlayaraq SSRİ və ABŞ-da reallaşdırılırdı.

  Döyüş delfinləri amerikalılar tərəfindən Vyetnam müharibəsində və İraqda xüsusi əməliyyatların gedişində istifadə olunub. SSRİ-də isə xüsusi təlim görmüş delfin dəstələri Qara dənizdə minaları axtarırdı. SSRİ-nin süqutundan sonra Rusiyada belə fəaliyyət qadağan olundu. ABŞ-da isə bu gün də bununla məşğul olan 5 mərkəz fəaliyyət göstərir.

  Dəniz məməlilərinin okeanarium və delfinarilərdə saxlanmasının da mənfi tərəfi var. Delfinlər təbiətdə gün ərzində 100 km.-dən çox məsafə qət edirlər və 200 m.-dən çox dərinliyə enə bilirlər. Heç bir delfinari əsir delfinlərə belə imkan yarada bilmir. Delfinlərin hərəkət zamanı çıxardıqları səs hovuzda təhrif və dəfələrlə əks olunduğu üçün onlara çox böyük zərər vurur. Xlorlu su onların dərisini və görmə orqanlarını zədələyir. Nəticədə bu heyvanların qapalı yerlərdə saxlanması onların yaşama müddətini 5-6 dəfə azaldır. Buna görə də belə sual yaranır: insanın bu heyvanları əsir etməyə haqqı varmı?

  Beynəlxalq Əsir Delfinlər Günü bu heyvanların azad və özlərinin təbii mühitlərdə yaşamaq hüquqlarını təmin etmək məqsədilə ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə xidmət edir. Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı söndürməyi, voleybol oynamağı öyrənirlər. Delfinlər balıqları ultrasəslə axtarıb tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar.

  Delfinlərin beyni insanlara çox oxşardır. Ekoloqlar onların qorunmasında çox israrlıdırlar. Hal-hazırda dünyada delfinlərlə birgə olan üzmə proqramları çox məşhurdur.



Әlaqәli Xәbәrlәr