Livanın baş naziri açıqlama verdi

"Livan fövqəladə bir prosesdən keçir. Bütün siyasi partiyalara ümumi razılığa gəlmə çağırışı edirəm. Çox vaxtımız yoxdur", H.Diyab

1469665
Livanın baş naziri açıqlama verdi

 

  Livanın baş naziri Həsən Diyab erkən parlament seçkiləri qanun layihəsini avqustun 10-da Nazirlər Kabinetinə təqdim edəcəyini açıqladı.

  Paytaxt Beyrutun mərkəzindəki Şəhidlər Meydanında iqtisadi böhran əleyhinə nümayişlərlə əlaqədar aylardır dəmir və beton baryerlərlə bağlanılan parlament binası yaxınlığında etirazlar davam edərkən kameraların qarşısına keçən Livanın baş naziri deyib: “Böhrandan çıxmağın tək yolu erkən parlament seçkisidirsə, buna gedəcəyik. Ayın 10-da Nazirlər Kabinetinin iclasında erkən parlament seçkiləri qanun layihəsini gündəmə gətirəcəyəm.

  Livan fövqəladə bir prosesdən keçir. Bütün siyasi partiyalara ümumi razılığa gəlmə çağırışı edirəm. Çox vaxtımız yoxdur. Mən siyasi partiyalar öz aralarında razılığa gələnə qədər 2 ay bu məsuliyyəti boynuna götürməyə hazıram.

  Beyrut limanındakı partlayış illərlə davam edən sui-istifadə və zəif idarəçiliyin bir nəticəsidir. Məsələ ilə bağlı məsul hər kəs hesabat verəcək. Bu fəlakət cavabsız qalmayacaq. İstintaq fəlakətlə əlaqəsi olan hər kəsi əhatə edəcək şəkildə geniş olacaq.

  Livan qaldıra bilməyəcəyi qədər böyük bir fəlakət yaşadı. Mövcud mərhələdə siyasi hesablar kənara buraxılmalı və hər birimiz milli məsuliyyət daşımalıyıq”.

  Xatırladaq ki, ölkənin informasiya naziri Menal Əbdüssəməd istefa verdiyini açıqlayıb. Televiziyaya müsahibəsində o deyib: "Bizdən gözlədiklərini edə bilmədiyimiz üçün livanlılardan üzr istəyirəm. Yaxın vaxtlarda bir dəyişiklik gözlənilmir. Beyrut limanındakı fəlakətdən sonra xalqın tələblərini qarşılayacaq bir vəziyyət qalmadığı üçün vəzifəmdən istefa verirəm."

  Ölkənin rəsmi xəbər agentliyi NNA-nın yazdığına görə, digər millət vəkili Nime Əfram da partlayış və ölkədəki vəziyyətə reaksiya olaraq istefa verdiyini bildirib. Beləliklə, Livanda Beyrut limanındakı partlayışdan sonra istefa verən deputat sayı 5-ə yüksəlib.

  Qeyd edək ki, Beyrut limanında 4 avqustda partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın çıxıb, sonra bütün Beyrutu sarsıdan güclü partlayış baş verib. Hadisə ilə əlaəqdar həyatını itirənlərin sayı 160-a, yaralı sayı isə 6 minə yaxınlaşıb.



Әlaqәli Xәbәrlәr