İran İsveçrə vasitəsilə ABŞ-a nota göndərdi

İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub

1404247
İran İsveçrə vasitəsilə ABŞ-a nota göndərdi

 

  İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi məlumat verib. O bildirib ki, prezident Donald Trampın İran hərbi gəmilərinin Fars körfəzində qanunazidd manevrlər etməsi haqqında bəyanatı absurddur və rəsmi Tehran bu kimi bəyanatlara qəti etirazını bildirir. İranın dəniz sərhədlərini mühafizə edən hərbi katerlər xidməti vəzifələrini yerinə yetiriblər. A.Müsəvi nəzərə çatdırıb ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verirlər. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol versələr ağır cavab alacaqlar.

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də “twitter” hesabından məsələyə münasibət bildirərək yazıb: "ABŞ gəmilərinin 700 mil uzaqlığa gələrək İran sərhədlərinin yaxınlığında manevr etmələri və bundan sonra qanundan danışmaları heç bir məntiqə sığmır. ABŞ-ın hərbi gəmilərinin İranın dəniz sərhədində nə işi var?"

  Qeyd edək ki, İranın hərbi katerləri ABŞ-ın Fars körfəzindəki gəmilərinə yaxınlaşıb ki, bu da Vaşinqtonda etirazla qarşılanıb. Bundan sonra prezident D.Tramp “twitter” hesabında yazıb ki, İran katerlərini vurmaq əmri verib.

  Onu da nəzərə çatdıraq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün qarşılıqlı razılıq əsasında ABŞ səfirliyinin funksiyalarını İsveçrənin Tehrandakı səfirliyi yerinə yetirir.



Әlaqәli Xәbәrlәr