ABŞ Ayətullah Əli Xamneyiyə də sanksiya tətbiq edəcək

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyini də nəzərdə tutan İrana qarşı yeni sanksiyalara dair prezident fərmanını imzaladı.

1224709
ABŞ Ayətullah Əli Xamneyiyə də sanksiya tətbiq edəcək

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyini də  nəzərdə tutan İrana qarşı yeni sanksiyalara dair prezident fərmanını imzaladı.
 
Donald Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında İranın ABŞ-a aid pilotsuz uçan aparatı (PUA) vurmasından sonra sözügedən sanksiyaların qaçılmaz olduğunu söylədi.
 
  Bir çox səlahiyyətli şəxslə birlikdə İran liderini də hədəf alan  çox güclü sanksiyaları nəzərdə tutan fərman imzaladığını bildirən Tramp: "Bu günkü  addımımız bizə aid PUA-nın vurulması da daxil olmaqla, son həftələrdə İran rejiminin bir sıra təcavüzkar  davranışının nəticəsidir" dedi.
 
 Tramp İranda əməliyyatlara görə məsul olan şəxsin Əli Xamneyi olduğunu, bu səbəblə həmin sanksiyalardan onun da təsirləndiyini ifadə etdi.
 
 "İranla, ya da başqa bir ölkə ilə münaqişəyə girmək istəmirik, lakin onu deyə bilərəm ki, İranın nüvə silahının olmasına yol verə bilmərik" deyən Tramp Xamneyi ilə yanaşı İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək səviyyəli bəzi şəxslərini də sanksiya siyahısına əlavə etdiklərini açıqladı.

Trampdan sonra Ağ Evdə kameraların qarşısına keçən ABŞ xəzinə naziri Stiven Mnuçin İran xarici işlər naziri Cavad Zərifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını bildirdi.
 
 Mnuçin eyni zamanda, Trampın imzaladığı fərmanla bərabər İran DMO-dan yüksək səviyyəli 8 səlahiyyətli şəxsə də sanksiya tətbiq olunacağını söylədi.
 
  ABŞ-ın maliyyə sanksiyası siyahısına əlavə olunan Xamneyi və digər iranlı komandanlar ABŞ maliyyə sistemindən tamamilə təcrid ediləcək, bu şəxslərlə iş görən şəxs və qurumlar da ABŞ-ın sanksiyalarına məruz qalacaqlar.

 



Әlaqәli Xәbәrlәr