Lavrov: "Yeni bir Soyuq müharibədən danışmağa ehtiyac yoxdur"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) birtərəfli şəkildə ləğv etməsi ilə yeni bir Soyuq müharibə dövrünün başlanmadığını bildirdi.

1138490
Lavrov: "Yeni bir Soyuq müharibədən danışmağa ehtiyac yoxdur"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) birtərəfli şəkildə ləğv etməsi ilə yeni bir Soyuq müharibə dövrünün başlanmadığını bildirdi.
 
Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qırğız-Rus Slavyan Universitetində (KRSU) aktual məsələlər ətrafında çıxış etdi.
 
 ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) birtərəfli şəkildə ləğv etməsinin kədərləndirici hal olduğunu dilə gətirən Lavrov: "Lakin yeni bir Soyuq müharibədən danışmağa ehtiyac yoxdur. Artıq ABŞ-ın bütün silah nəzarət sistemlərini məhv etdiyi yeni bir dövrdəyik" deyə danışdı.
 
 Rusiyanın yeni bir silahlanma yarışına qoşulmağı planlaşdırmadığını qeyd edən Lavrov: "ABŞ-ın müqavilədən çıxması səbəbindən yaranan təhdidlərə isə, əlbəttə ki, texniki və hərbi baxımdan hazır olacağıq. Bu istiqamətdə görüləcək tədbirlər Rusiya Müdafiə Nazirliyinin mövcud büdcəsindən ödəniləcək" dedi.
 
 ABŞ-ı Talibanla aparılan danışıqları da tamamilə nəzarət altına almağa çalışmaqda günahlandıran rusiyalı nazir: "Əfqanıstanda hökumətlə Taliban arasındakı danışıqların vacibliyini hər kəs təsdiq edir. Lakin ABŞ bu danışıqları digər bütün ölkələri məlumatsız buraxaraq, gizli bir şəkildə aparmağa çalışır. Bu növ birtərəfli təşəbbüsləri eqoizm kimi dəyərləndiririk" ifadələrini işlətdi.
 
 Lavrov Rusiyanın Qırğızıstanın cənubunda hərbi hava baza açıb-açmayacağına dair verilən suala isə: "Qırğızıstandan bu barədə rəsmi bir müraciət almamışıq və bu məsələ onların təşəbbüsündən asılıdır. Lakin qırğız dostlarımızla hər növ təhlükəsizlik məsələsini müzakirə etməyə hazırıq" cavabını verdi.
 
 ABŞ Xarici İşlər naziri Mike Pompeo ölkəsinin Sovet İttifaqı ilə 1987-ci ildə imzaladığı 500- 5500 kilometr mənzilli və nüvə başlıqlı raketlərin qadağan olunmasını nəzərdə tutan Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) birtərəfli olaraq ləğv edəcəyini açıqlamışdı.
 
 Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ı INF-ni pozmaqda günahlandıraraq: "Bizim də cavabımız simmetrik olacaq. ABŞ müqaviləni təxirə saldığını bildirdiı, biz də təxirə salırıq" demişdi.



Әlaqәli Xәbәrlәr