Ağ Evdən Putinin dəvətinə münasibət
Ağ Evin sözçüsü Sarah Sanders ABŞ prezidenti Donald Trampın dəvət aldığı halda Moskvaya rəsmi səfər edə biləcəyini açıqladı.
Ağ Ev Sözçüsü Sarah Sanders Rusiya prezidenti Vladimir Putinin Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) ölkələr qrupunun Cənubi Afrikanın paytaxtı Yohannesburqda keçirilən sammitində ABŞ prezidenti Donald Trampı Moskvaya dəvət etməsi ilə əlaqədar açıqlama verdi.
Sanders açıqlamasında "Prezident Tramp prezident Putini Yeni ildən sonra Vaşinqtonda salamlamağı səbirsizliklə gözləyir və rəsmi dəvət alacağı halda Moskvaya səfər etməyə hazırdır" ifadələrini işlətdi.
Qeyd edək ki, Rusiya prezidenti: " Trampı Moskvaya dəvət etməyə hazırıq. Bu dəvəti onsuz da aldı. Mən dəvət etdim"demişdi.
Həftə ərzində Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi Con Bolton da Tramp ilə Putin arasında növbəti görüşün Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialarına dair istintaqın başa çatmasından sonra ola biləcəyini bildirmişdi.