Yəməndə məktəbə bomba atıldı, 10 uşaq öldü

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə Husilərin nəzarətində olan Haydan şəhərində məktəblərin birinə atdığı bomba nəticəsində 10 uşaq həyatını itirib, 28-i isə yaralanıb.

551821
Yəməndə məktəbə bomba atıldı, 10 uşaq öldü

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə, Husilərin nəzarətində olan Haydan şəhərində məktəblərin birinə atdığı bomba nəticəsində 10 uşaq həyatını itirib, 28-i isə yaralanıb. Məlumatı Sərhədsiz Həkimlər Təşkilatı yayıb.

Husilər və sabiq lider Əli Abdullah Saleh tərəfdarlarının Taiz şəhərində həyata keçirtdiyi silahlı hücumda isə 8 nəfər ölüb.

Bu arada, hökumətə bağlı qüvvələrin terror təşkilatı Əl-Qaidənin yerləşdiyi Zencebar şəhərində nəzarəti ələ aldıqları bildirilir. Bölgənin terror təşkilatından tamamilə təmizlənməsi üçün zirehli texnikalardan istifadə edilir.

Yəmən bir ildən çoxdur ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin dəstəklədiyi hökumətə bağlı qüvvələrlə Husilər və sabiq lider Əli Abdullah Saleh tərəfdarları arasındakı qarşıdurmaların meydanına çevirilib.

Yəmənli tərəflər arasında Küveytdə keçirilən müzakirələrin ötən həftə təxirə alınmasından sonra xüsusilə də Səudiyyə Ərəbistanı-Yəmən sərhədində gərginlik yaşanır.

Digər tərəfdən, Husilərlə sabiq lider Əli Abdullah Salehin partiyası tərəfindən yaradılan Ali Siyasi Şura parlamentdə lehinə səs alıb. Bundan sonra çıxış edən Şura sədri Saleh əs-Samed parlamentin şuraya dəstəyinin problemin siyasi həllini sürətləndirəcəyini deyib.



Әlaqәli Xәbәrlәr