Hillari Klinton barəsində “elektron poçt” işi üzrə istintaq yekunlaşıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna real namizəd Hillari Klinton barəsində bir müddət əvvəl başlanan “elektron poçt” işi üzrə istintaqı başa çatdırıb.

524406
Hillari Klinton barəsində “elektron poçt” işi üzrə istintaq yekunlaşıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna real namizəd Hillari Klinton barəsində bir müddət əvvəl başlanan “elektron poçt” işi üzrə istintaqı başa çatdırıb. Bu barədə Büronun direktoru Ceyms Komi məlumat verib. Onun sözlərinə görə ABŞ Ədiliyyə Nazirliyi iş üzrə yekun qərar verəcək, lakin hesab olunur ki, qeyd edilən məsələ ilə bağlı bütün iddialar yersizdir. Direktor əlavə edib ki, Klinton və iş yoldaşları gizli və həssas məlumatlarla bağlı sadəcə diqqətsiz davranıblar, lakin burada hər hansı bir qanunu pozmaq niyyətləri olmayıb.

Ceyms Komi vurğulayıb ki, işini doğru aparan heç bir prokuror Klintona qarşı ittiham irəli sürməyəcək.

Federal Təhqiqatlar Bürosunun açıqlamasından dərhal sonra  Respublikaçıların prezidentliyə namizədi Donald Tramp Twitter hesabında məsələyə münasibətini bildirib. O, “Bu sistem hiylə işlədir və çox ədalətsizdir. Hər zaman olduğu kimi yenə də səhv qərar verilib”-deyə qeyd edib.

Xatırladaq ki, iddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. Bundan sonra  FTB faktla bağlı ilkin istintaqa başlayıb. Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən “elektron poçt işi” üzrə 3 saatdan çox dindirilib.

 



Әlaqәli Xәbәrlәr