İrana yeni sanksiyalar qoyulacaqmı?

"Bu qərarı BMT Təhlükəsizlik Şurası verməlidir", B.K.Mun

461529
İrana yeni sanksiyalar qoyulacaqmı?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Mun İranın ballistik raket sınağının narahatlıq yaratdığını, bu ölkəyə yeni sanksiya tətbiq olunmasına isə BMT Təhlükəsizlik Şurasının qərar verməsi lazım olduğunu söyləyib.

Ban BMT Mühacirlər Ali Komissarlığının təşkil etdiyi "Suriyalı sığınmacıların ölkələrə qəbulunda qlobal məsuliyyətin bölüşdürülməsi" mövzulu konfransa qatıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb: "İranın ballistik raket sınağı narahatlıq yaradır, amma hansı sanksiyalar qoyulacağına, nə tədbirlər görüləcəyinə BMT Təhlükəsizlik Şurası üzvü olan ölkələr qərar verməlidir".

İran İnqilab Gözətçilərinin keçən həftə ballistik raket sınaqlarıyla bağlı çıxışları İsrail və Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb və bölgə ölkələrinin reaksiyasına səbəb olur, Tehran rəhbərliyinə yeni sanksiyalar mövzusu gündəmə gəlir.

Digər tərəfdən, Rusiyadan İranın ballistik raket sınağına dəstək gəlib. Rusiya Xarici İşlər Nazirliyi Silah Yoxlama İdarəsinin rəisi Mixail Ulyanov İranın reallaşdırdığı ballistik raket sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasındakı çıxışlara məna verə bilmədiklərini söyləyib: “2231 saylı BMT Təhlükəsizlik Şurası qərarı İrana nüvə silahıyla bağlı məhdudlaşdırma gətirib, amma ballistik raketlər bu çərçivəyə daxil deyil."

2015-ci ilin iyul ayında yekdilliklə gəlinən və 2016-cı ilin yanvar ayından qüvvəyə minən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına görə, “İrana qoyulmuş bütün sanksiyalar etibarlılığını itirib. Amma Tehran rəhbərliyi nüvə başlıqlı raketlərlə bağlı heç bir fəaliyyətlə məşğul olmamalıdır".



Әlaqәli Xәbәrlәr