Papa Fransisk Yaxın Şərqdə səfərdәdir

Dünya katoliklərinin dini lideri Papa Fransiskın Yaxın Şərqə səfəri davam edir.

73064
Papa Fransisk Yaxın Şərqdə səfərdәdir

Dünya katoliklərinin dini lideri Papa Fransisk Yaxın Şərqdə səfərdədir. Əvvəlcə Iordaniyaya gedən Papa burada İordaniya Kralı Abdullah tərəfindən rəsmi mərasimlə qarşılanıb. Abdullah Kral Hüseyn sarayında təşkil edilən mərasimdəki çıxışında xristianlıq və İslam arasında dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb, fərqli dinlərə mənsub insanların bərabər yaşamalarının əhəmiyyətinə diqqət çəkib. Papa Fransisk də səfərinin iki din arasında əlaqələri daha genişləndirəcəyinə ümid etdiyini söyləyib. Daha sonra Papa ilə Kral Abdullahın görüşü olub. Danışıqlardan sonra Əmman Stadionuna gələn Papanı dünyanın hər yerindən bura toplaşan 30 minə yaxın insan qarşılayıb. Mərasimdə dua və ilahilər oxunub. Papa Fransisk stadionda xüsusu yaradılan sahəyə keçərək ayini icra edib. Papa daha sonra Həzrəti İsanın doğulduqdan sonra xaç suyuna salındığı yer sayılan, xristianlar üçün müqəddəs qəbul edilən İordaniya çayının kənarında yerləşən əraziyə gedib. Səfər çərçivəsində suriyalı mühacirlərin düşərgəsinə də baş çəkən Papa Fransisk daha sonra Fələstinə gedib. İsrail dövlətinin yarandığı 1948-ci ildən bəri ilk dəfə bir katolik dini lideri Təl-Əvivi ziyarət etmədən İordan çayının qərb sahilinə gedib və Fələstin lideri ilə görüşüb. Beytüllahimdə Papanı Fələstin lideri Mahmud Abbas qarşılayıb. Rəsmi proqramda Mahmud Abbas üçün “Fələstin dövlətinin dövlət başçısı” ifadəsini işlətməsi Papanın Yaxın Şərqdə iki dövlətli həll variantına dəstək kimi xarakterizə edilir. Səfər dalana dirənən Israil-Fələstin sülh danışıqlarının yenidən başlanılması və Fələstinin gələcəyi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Papa Fransisk Qüdsdə bir ayin icra edəcək və Fələstin qaçqın düşərgəsini ziyarət edəcək. Papa daha sonra Israilə gedəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr