Məhəmməd Şia əl-Sudani: "Koalisiya qüvvələrinin ölkəmdə olması üçün heç bir səbəb yoxdur"

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani paytaxt Bağdadda Hökumət Sarayında təşkil edilən mətbuat konfransı

2105165
Məhəmməd Şia əl-Sudani: "Koalisiya qüvvələrinin ölkəmdə olması üçün heç bir səbəb yoxdur"

"ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkəmdə olması üçün heç bir səbəb yoxdur".

Bunu İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani paytaxt Bağdadda Hökumət Sarayında təşkil edilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

İraqda təhlükəsizlik vəziyyətinin sabit olduğunu və təhlükəsizlik qüvvələrinin əmin-amanlığı təmin etmək üçün kifayət qədər gücə malik olduğunu ifadə edən Sudani "DEAŞ İraq üçün artıq təhlükəsizlik riski yaratmır. DEAŞ bitdi, bir daha geri qayıtmayacaq" deyib.

ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələrinin mənsub olduğu ölkələrlə təhlükəsizlik başda olmaqla bütün sahələrdə ikitərəfli əlaqələr səviyyəsinə keçmək istədiklərini ifadə edən Sudani deyib:

"Artıq koalisiya qüvvələrinin İraqda olması üçün heç bir səbəb yoxdur. Biz bu qüvvələrin mənsub olduğu ölkələrlə tərəfdaşlıq əsasında ikitərəfli əlaqələr qura bilərik".

Qeyd edək ki, İraq yanvarın 25-də ABŞ rəhbərliyi ilə terror təşkilatı DEAŞ-a qarşı koalisiyanın hərbi missiyasının dayandırılması və koalisiya müşavirlərinin mərhələli şəkildə ixtisarına dair cədvəlin yaradılması üçün ABŞ administrasiyası ilə razılıq əldə edildiyini açıqlayıb.

İraq Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ və İraq hökumətləri arasında avqust ayından bəri davam edən danışıqlar uğurla başa çatıb.

İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin müşavirlərinin yerləşdiyi bazalar İranın dəstəklədiyi şiə milis qüvvələri tərəfindən hücuma məruz qalır.



Әlaqәli Xәbәrlәr