Yunanıstan İran gəmisini saxlayıb

Yunanıstan İrana məxsus neft daşıyan gəmini saxlayıb.

1832884
Yunanıstan İran gəmisini saxlayıb

İran, hadisədən sonra Yunanıstanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

TRT xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirib ki, nazirliyə çağırılan Yunan diplomata rəsmi tehranın reaksiyası çatdırılıb. Nazirliyin açıqlamasında: “Yunanıstan hökuməti beynəlxalq öhdəliklərindən yayınır və Amerika Birləşmiş Ştatlarının qeyri-qanuni təzyiqlərinə boyun endirir. İran bayrağı altında üzən gəmidəki yükü müsadirə etmək beynəlxalq banditizm nümunəsidir ki, bundan Yunan hökuməti və gəmini qeyri-qanuni olaraq saxlayan şəxslər məsul hesab ediləcəklər. İran qanuni hüquqlarından imtina etməyəcək və Yunanıstan hökumətindən dənizçilik və nəqliyyat sahəsində beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyəcək”.

Qeyd edək ki, İranın Limanlar və Dəniz İdarəsindən yayılan açıqlamada qeyri-sabit hava şəraiti və texniki problemlər səbəbindən Yunanıstan sahillərinə sığınan İran gəmisinin ABŞ-ın tələbi ilə saxlanıldığı və gəminin daşıdığı neftin müsadirə edildiyi bildirilib.

ABŞ administrasiyası İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar çərçivəsində Tehran administrasiyasının neft satışını “qanunsuz” hesab edir və müttəfiqlərini İran gəmilərinin daşıdığı nefti müsadirə etməyə çağırır.



Әlaqәli Xәbәrlәr