Zelenski Yaponiya parlamentinə müraciət edib

Ukrayna prezidenti V. Zelenski Yaponiyadan “Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları və təzyiqləri davam etdirməyi” tələb edib.

1800703
Zelenski Yaponiya parlamentinə müraciət edib

Ukrayna prezidenti V. Zelenski Yaponiyadan “Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları və təzyiqləri davam etdirməyi” tələb edib.

Yaponiya parlamentinə onlayn müraciət edən Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Ukraynaya kömək etdiyinə görə yapon xalqına təşəkkür edib.

Yaponiyanın “Asiyada Rusiyaya qarşı sanksiya tətbiq edən ilk ölkə” olduğuna işarə edən Zelenski “sanksiyaların və təzyiqlərin davam etdirilməsini” istəyib və “təzyiqlərin sülhü bərpa edə biləcəyinə” inandığını bildirib.

Ölkədəki AES-ə hücum edən Rusiya qüvvələrinin "nüvə tullantıları bölgəsini müharibə zonasına çevirdiyini" qeyd edən Zelenski Rusiyanın Ukraynaya qarşı "kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını" qeyd edib.

Zelenski Ukraynada heç kimin əmin-amanlıq içində olmadığını dilə gətirərək böhrana qarşı atdığı addımlarda vəzifəsinin fəal olmadığına diqqək çəkdiyi BMT-nin islahatlara ehtiyacı olduğunu bəyan edib.

Yaponiyanın Baş naziri Kişida Fumio keçirdiyi mətbuat konfransında Ukraynaya yardımı artıracaqlarını və Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklərini bildirib.

Digər tərəfdən, Zelenski bəyan edib ki, Ukrayna Rusiya ordusunun geri çəkilməsi, atəşkəsin əldə olunması və ölkəsinin təhlükəsizliyinin təmin edilməsi şərti ilə NATO-ya üzvlük tələbindən imtina etməyə hazırdır.

Ukrayna televiziya kanallarında yayımlanan müsahibədə Zelenski izah edib ki, bu, NATO ilə bağlı Ukrayna ilə nə edəcəyini bilməyən Qərb üçün, təhlükəsizliyini təmin etmək istəyən Ukrayna üçün və NATO-nu daha çox genişlənməsini istəməyən Rusiya üçün uzlaşmadır.

Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşə çağırışını təkrarlayan Zelenski Putinlə görüşmədiyi müddətcə Rusiyanın müharibəni bitirmək istəyib-istəmədiyini anlamağın mümkün olmadığını bildirib.

Zelenski "Telegram" kanalında paylaşdığı videoda Rusiya ilə aparılan danışıqlar və ölkəsindəki münaqişə bölgələrindən mülki şəxslərin təxliyəsi ilə bağlı açıqlamalar verib.

Zelenski Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinə toxunaraq deyib:

“Biz Rusiyanı sülh sazişi bağlamağa və bu amansız müharibəyə son qoymağa məcbur etmək üçün müxtəlif səviyyələrdə işləməyə davam edirik”.

Danışıqların hər gün aparıldığını bildirən Zelenski deyib:

“Danışıqlar çox çətin və bəzən mübahisəli olur, lakin biz addım-addım irəliləyirik”. 

Bu həftə NATO, G7 və Avropa İttifaqı (Aİ) sammitlərinin keçiriləcəyinə işarə edən Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiq oluna biləcəyini bildirib.

Rusiya ordusunun davamlı olaraq Mariupol şəhərinə hücum etdiyinə diqqət çəkən Zelenski sözügedən şəhərdə 100 minə yaxın insanın olduğu məlumatını paylaşıb.

Buradakı mülki insanları humanitar yardım dəhlizlərindən çıxarmağa çalışdıqlarını deyən Zelenski buna Rusiya qüvvələri tərəfindən mane olunduğunu bildirib.

Zelenski humanitar yardım karvanının və Ukrayna Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının ələ keçirildiyinə diqqət çəkərək, "İnsanlarımızın sərbəst buraxılması və humanitar yardım dəhlizlərinin açılması üçün əlimizdən gələni edirik." deyib.

Dünən təxminən 7 min Mariupol sakininin təxliyə edildiyini bildirən Zelenski bölgədən təxliyə işlərini davam etdirəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr