Qərbi Ukrayna yenə partlayışlarla oyandı

Lvov şəhər meri Andriy Sadovyi Lvov şəhəri və onun qərbinə 8 raket atıldığını açıqlayıb

1794518
Qərbi Ukrayna yenə partlayışlarla oyandı

 

  Qərbi Ukrayna bu səhər (13 mart) partlayışlara oyanıb.

  Lvov şəhər meri Andriy Sadovyi Lvov şəhəri və onun qərbinə 8 raket atıldığını açıqlayıb.

  Şəhərin qərbindəki Yavoriv bölgəsi də raketlərin hədəfi olub. Bu bölgə Polşadan təxminən 25 kilometr aralıda yerləşir.

  İvano-Frankivsk meri Ruslan Martsinkiv də şəhər yaxınlığındakı hava limanının rus hərbçilərinin hədəfində olduğunu söyləyib.

  Ukraynanın qərbindəki şəhərlərdə şərqdəki münaqişələrdən uzaqlaşan xeyli mülki vətəndaş var.

  Digər tərəfdən, Rusiya ordusu ilə müharibənin davam etdiyi şəhərlərdə açılan humanitar dəhlizlər vasitəsilə martın 12-də 13 minə yaxın ukraynalının təhlükəsiz bölgələrə təxliyə edildiyi bildirilib.

  Ukrayna baş nazirinin müavini İrina Vereşuk Rusiya ordusu ilə müharibənin davam etdiyi müxtəlif bölgələrdə 12 martda açılması planlaşdırılan 14 humanitar dəhlizdən 9-nun istifadə oluna biləcəyini deyib.

  Martın 12-də Sumi, Krasnopolye, Pisarevka, Konotop, Lebedin, Buça, Qostomel və Nemişayev qəsəbələrində humanitar dəhlizlərin işlədiyini və bu marşrutlardan evakuasiya edildiyini bildirən Vereşuk qeyd edib ki, Enerqodar, İrpen, Vorzel, Kozaroviç və Borodyanka rus ordusu tərəfindən mühasirəyə alınıb.

  Vereşuk bəyan edib ki, müharibənin davam etdiyi şəhərlərdə ukraynalıların təxliyəsi üçün yeni cəhdlər edəcək.

  Digər tərəfdən, Ukrayna Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, 24 fevral - 13 mart tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı məlumatlar paylaşılıb. Məlumata görə, Rusiya ordusunun 12 mindən çox əsgəri öldürülüb, 374 tank, 74 təyyarə, 86 helikopter, 1226 zirehli texnika, 140 artilleriya, 62 reaktiv sistem, 34 hava hücumundan müdafiə sistemi və 600 texnikası məhv edilib. Bundan başqa, Rusiya ordusu Ukraynada fevralın 24-dən başlayan müharibədə 3 yüngül sürətli qayıq, 60 yanacaq maşını və 7 pilotsuz uçuş aparatını (PUA) itirib.

  Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr