Rusiya Konstitusiyasında dəyişikliklər olacaq

Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsu verilib.

1342115
Rusiya Konstitusiyasında dəyişikliklər olacaq

 

  Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezident səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclis və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək.

  Vladimir Putin çıxışında bildirib ki, ölkədə yeni konstitusiya qəbul edilməsinə ehtiyac yoxdur və ali qanunun bir neçə bəndinə dəyişikliklər olunması kifayətdir. Ekspertlərin fikrincə, prezidentin təklifləri 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya ən əsaslı dəyişikliklər olacaq. Bəs bunlar hansı dəyişikliklərdir?

* Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.

* Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.

* Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.

* Digər yenilik isə Dövlət Şurasının statusu ilə bağlıdır. Bu, Rusiya Prezidenti yanında məşvərətçi orqandır.

  Vladimir Putin Dövlət Şurasının statusunu Konstitusiya ilə müəyyənləşdirməyi təklif edib. 

  Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək.

  Prezidentin Baş Nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq.

  Güc strukturları rəhbərlərini prezident Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək. Eyni zamanda, Silahlı Qüvvələrə komandanlıq və ölkənin bütün hüquq sisteminə nəzarət də prezidentin əlində qalacaq.

  Vladimir Putin Federal Məclisə müraciətində qeyd edib ki, Konstitusiyaya düzəlişlər qanunun fundamental əsaslarına toxunmur və deməli, vətəndaşların səsverməsi əsasında parlament tərəfindən təsdiqlənə bilər.

  Yaxın vaxtlarda Rusiya Prezidentinin səsvermənin keçirilmə qaydaları və vaxtı barədə Fərman imzalayacağı gözlənilir. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, söhbət referendumdan yox, səsvermədən gedir, çünki dəyişikliklər Konstitusiyanın təməl bəndlərinə aid deyil.

  Rusiya Prezidenti Konstitusiyaya dəyişikliklərin hazırlanmasına dair işçi qrupun yaradılması barədə artıq Sərəncam imzalayıb. Qrupa bütövlükdə 70 nəfər daxildir.



Әlaqәli Xәbәrlәr