Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırıldı

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsinin faktiki olaraq razılaşdırıldığını bildirib.

863239
Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırıldı

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. İyirmi illik danışıqların uğurla başa çatdığını demək olar. Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına tam cavab verir. Hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.

Azərbaycan xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupun Azərbaycandan olan üzvü Xələf Xələfov dekabrın 6-da keçirdiyi mətbuat konfransında qeyd edib ki, Xəzər dənizinin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək məqsədilə danışıqlar davam etdiriləcək və Azərbaycan sazişlər hazırlanması prosesini davam etdirəcək.

Xələf Xələfov deyib ki, konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur. Dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür. Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.

Nazir müavini qeyd edib ki, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür. Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparılır. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir. Xəzər beş ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir. Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələr tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır.

Qeyd edək ki, yekun sazişin 2018-ci ildə Qazaxıstanda keçiriləcək dövlət rəhbərləri zirvə yığıncağında təsdiqlənəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr