Knidoslu Afrodita heykəli

Türkiyənin Datça ərazisindəki antik Knidos şəhərindən, buradakı dünyaşöhrətli, heykəltaraşlıqla inqilab sayılan, klassik yunan abidələrinin zirvəsi Afrodita heykəlindən və şəhərin tanınmış adlarından bəhs edirik sizə

1737688
Knidoslu Afrodita heykəli

 

  Tarixin ilk gözəlik yarışının ev sahibidir bu torpaqlar. Rəvayətə görə, tanrılar arasında keçirilən bu yarış təxminən 4 min il əvvəl olub.

  “Tanrıçaların ən gözəli” adına sahib olmaq üçün hakimin ağlını alır başından Afrodita. Bu etdiyi ilə Truva müharibəsinin başlamasına səbəb olsa da, "Ən gözəl tanrıça" adını alır.

  Afrodita adı yüzlərlə ildir dünyanın ən gözəl qadını, qüsursuz nisbət və mükəmməllik anlayışları ilə birgə işlənir. Bu tanrıçanın şərəfinə məbədlər tikilib və saysız-hesabsız heykəllər düzəldilib.

  Yunan mifologiyasının eşq və gözəllik tanrıçası olan Afrodita dənizlərdə olanların qoruyucusu və eyni zamanda, məhsuldarlıq, artma və bərəkət tanrıçasıdır.

  Dövrün məşhur heykəltaraşı Praksiteles dənizçi bir cəmiyyət olan knidoslular üçün bir heykəl düzəldir. "Çılpaq Afrodita" kimi tanınan Knidoslu Afrodita heykəli dünyanın ilk çılpaq qadın heykəlidir və buna görə monumental xarakter daşıyır.

  Sonrakı illərdə qadın bədəni tanrıça Afrodita kimi təsvir edilsə də, o dövr üçün çılpaq qadın heykəlinə cığırı heykəltəraş Praksiteles açmışdı. Əslində bu, “ayıb” deyə qəbul olunmur, incəsənətdə bir yenilik adlanır. Heykəltəraş Praksitelesə qədər təkcə yunan tanrılarının, yəni kişilərin çılpaq heykəlləri düzəldilir, tanrıçalar isə paltarlı təsvir edilirdi.   

  Ellinizm (Hellēnismós) dövründə qüsursuz olan kişi bədəni idi. Buna görə göstərilməsi qeyri-adi hesab edilmirdi. Guya qadın bədəni qüsurlu olduğu üçün geyimli təsvir olunurmuş.

  Heykəltaraşlıq sənəti tarixində yeniliyin nümunəsi olan Knidoslu Afrodita heykəli çılpaqlığı ilə məhdudlaşmır. Bu, qadının Ellinizm cəmiyyətində fəallaşacağının bir işartısı idi. Əsrlər boyu sənətçilərə ilham verəcək, heykəldən başqa, şəkil, şeir, roman və filmlərin mövzusu olacaq qadın bədəni Afrodita üzərindən tərif ediləcək.

  Bir tanrıçadır Afrodita və dünyəvi gözəllikdən başqa, özündə bənzərsiz ilahiliyi də əks etdirir. Heykəl də bu düşüncənin aşkar edilmiş, həyat tapmış bir halıdır.

  Antik dövr sənətkarlığının qürur qaynaqlarından biridir Knidoslu Afrodita heykəli. Bu estetik möcüzə öz zamanının yazarları tərəfindən belə “antik dünyanın görməyə dəyər şah əsəri” adlandırılıb. Heykəltaraş tərəfindən duş qəbul etməyə hazırlanan vəziyyətdə təsvir edilib Knidoslu Afrodita. Bu yuyunma hərəkəti dini məna – paklanma anlamı daşıyır, digər bütün bərəkət tanrıçalarında olduğu kimi, zəruri bir ritualdır.

  Dənizçiləri qoruyan Afroditadan mədət uman knidoslulara görə heykəl Knidosda dənizçilərin hər tərəfdən görə biləcəyi yüksəklikdəki məbəd sahəsinə yerləşdirilib. Təhlükəli keçidləri görə bildiyi üçün fırtınalı havalarda hər hansı bir limana sığınmalarına kömək etdiyinə inanıblar. Heykəli görən dənizçilər özlərini əmin hiss ediblər.

  Heykəlin yerləşdiyi həyətdəki məbəd dövrünə görə standart deyil, dairəvi şəkildə olubmuş. Afrodita məbədi adlandırılan tikili "Dairəvi məbəd" kimi də tanınır. Ancaq bütün bunlar fərziyyədən o tərəfə keçmir, çünki uzun zamandır axtarılan bu məşhur heykəl nə məbəddə, nə də Knidosun başqa yerində tapılıb. Sadəcə o dövrdə buranı gəzənlərin qeydləri, qazıntılar zamanı tapılan Afrodita şəkilli pullar və bu məbədə aid olduğu düşünülən divar şəkilləriylə əlaqədar məlumatlar var az-çox.

  Knidosun göz oxşayan digər abidələrinə keçməzdən əvvəl bir az bu şəhərin özündən danışaq sizə. Bu gün Türkiyə ərazisindəki Datça yarımadasının ən ucunda qərar tutur Knidos. Antik dövrün mühüm ticarət, mədəniyyət və sənət mərkəzi olmuş bu şəhər Egey və Aralıq dənizlərinin görüşdüyü bir nöqtədədir. Buna görə dənizçilik baxımından da olduqca əhəmiyyətli bir yer və Aralıq dənizindən Qara dənizə üzən gəmilərin dayanacağı idi Knidos. Ərzaq və ticarət malları almaq və istirahət etmək üçün vazkeçilməz bir mövqedə yerləşirdi. Təbii limanları və pis hava şərtlərində dənizçilərin imdadına çatırdı bura. Daha qədimlərdə şəhər qitə (anakara) sayılırdı və bu gün Dəvə Boynu adlandırılan Kap Krio adasından ibarət idi. Görünür, buna görə idi ki, dövrün tarixçisi və coğrafiyaşünası Strabon Knidosa “cüt şəhər” demişdi. Zamanla ada ilə qitə arasındakı dəniz doldurulur və beləcə, iki ayrı-ayrı liman əldə edilir. Şimalda qalan Egey limanı daha qorunmalı olduğundan hərbi məqsədlər üçün istifadə edilir, cənubdakı limansa ticarət gəmilərinə buraxılır.

  O vaxtlar dənizdoldurma texnikasının olması və müvəffəqiyyətlə tətbiq edilməsi heyranlıq doğuran bir mühəndislik uğurudur.

  Knidos antik şəhərindəki abidələr ərazinin kələ-kötür olmasına görə balkonlanaraq yerləşdirilib. Bir az əvvəl şəhərin ən yüksək yerində ucaldılan "Dairəvi məbəd" və ya digər adıyla desək, Afrodita məbədindən qısaca danışdıq. Knidosun gözədəyən digər abidələri ticarət mərkəzi olan Stoa, bərəkət tanrıçası Demeter üçün edilən Müqəddəs Meydan, iyirmi min adam həcmli Böyük Teatr, Apollon və Dionisos (Dionysos) məbədləridir. Bundan başqa, antik dövrün ən böyük nekropollarından, yəni məzarlıqlarından biri də yenə bu şəhərdədir.

  Zənginliyi və ehtişamıyla önə çıxan Knidos şəhəri bir neçə dəfə yağmalanıb. Sonrakı əsrlərdə də bəziləri tapdığı şeyləri başqa ölkələrə aparıb zəngin olmaq istəyib, bəziləri isə hələ də Afroditanın heykəlini tapmaq və şöhrətə çatmaq dərdi ilə axtarır.

  19-20-ci əsrlərdə sanki xəzinə ovçuluğu kimi edilən qazıntılarda Knidos böyük zərər görür. Tapılanlar xaricə qaçırılar. Ölçüsü, ağırlığı və yüksək sənət dəyəriylə önə çıxan "Knidos aslanı" və həqiqi insan ölçülərində yonulan bərəkət tanrısı "Knidos Demeteri" heykəlləri aid olduğu yerdən uzaqda - Londonda sərgilənər bu gün.

  Afrodita heykəlini düzəldərək sənətkarlığa möhürünü basmış heykəltsraş Praksiteles bu gün şəhərin məşhur bir turizm mərkəzi olmasını təmin edib. Amma onu da deyək ki, Knidosu elm və mədəniyyətdə qabaqcıl və tanınmış edən adları da saymadan keçmək düzgün olmaz. Arximed və Yevklidin müəlimi, kainatın quruluşunu riyazi model olaraq ilk dəfə təqdim edən riyaziyyatçı, astronom və filosof Yevdoks (Eudoxus) knidosludur. Antik dünyanın 7 möcüzəsindən biri olan Misirdəki İskəndəriyə Fənərinin memarı Sostratos da Knidosda yaşayıb. Hipokratın müasiri Evrifon (Euryphon) Knidosda zəmanəsinin ikinci böyük tibb məktəbini qurub.



Әlaqәli Xәbәrlәr