Dünyanın ilk mağara-kilsəsi -  Antakya Müqəddəs Sankt Pyer Kilsəsi

min illərin tolerantlığını daşıyan və inancların kəsişən nöqtəsi Antakya, dünyanın ən qədim mağara-kilsəsi Sankt Pyer (Pierre) Kilsəsi və Anadolunun ilk məscidi Həbibi Nəccar Məscidindən bəhs edirik sizə. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

1735790
Dünyanın ilk mağara-kilsəsi -  Antakya Müqəddəs Sankt Pyer Kilsəsi

 

  İnsan Yer üzündə zühur etdikdən bəri müxtəlif məkanlarda və şəraitlərdə yaşayır.

  Bəşər övladının ilk sığındığı yer mağaralar olub. Çünki mağaralar insanın həm iqlim şərtlərindən, həm də vəhşi heyvanlardan qorunmasını təmin edib.

  Ov etməyi öyrəndikdən sonra mağaraların qaranlıq və soyuq iç qisimlərini ətlərin qorunmasına ayırıblar. Hətta bəzi mağaralar o qədər soyuq olub ki, onları soyuducu kimi istifadə ediblər. Ölülərini basdırmaq üçün də istifadə edib insanlar mağaralardan, gizlənmək və ya ibadətləri üçün də. Bəzi mağaralarda bəzək əşyalarına da rast gəlinir, bəzilərində isə insanlar öz rəssamlıq yaradıcılıqlarını divarlara cızıb, həkk ediblər. Anadolu coğrafiyasında bu saydıqlarımızın nümunələrinə rast gəlmək mümkündür.

  Başlanğıcda sığınma və qorunma məqsədiylə yaşanılan mağaralar zaman keçdikcə mədəni inkişafın ilk izlərinə şahidlik edib.

  Türkiyənin Hatay rayonunun Samandağ qəsəbəsindəki Üçağızlı mağarasında 200 min il əvvəlki ilk insan və miladdan 40 min il əvvəlki ilk müasir insana aid qalıqlar tapılıb. Çox sayda muncuq və daşdan əşyaların olduğu belə mağaralar bəşər tarixinə işıq tutur, antropoloji və arxeoloji baxımdan dünyada əhəmiyyətli bir yerə malik olduğunu göstərir. 

  Anadoluda mağara şəkillərinin tarixi qədim Daş dövrünə qədər uzanır. Türkiyənin Mersin, Kahramanmaraş, Balıkesir rayonları ərazilərində müxtəlif üsullarla divarlara çəkilən motivlər Anadolunun bəşəriyyətin uzun əhvalatına şahidlik etdiyini bir daha gözlər önünə sərir.

  Yeni bir dinin mühüm mərhələlərinə, şəkillənməsinə, dönüş nöqtələrinə şahidlik edir bu coğrafiya.

  Zülmə uğradıqları Qüdsdən qaçan ilk xristianlar İhlara vadisindəki mağaralara yerləşiblər. Fərqli bir funksiya boynuna götürüb bu dəfə mağaralar. Kapadokyada yeraltı mağaralarda gizlənib və yeni dini yaymağa çalışıb ilk xristianlar.

  Antakya mövqeyi baxımından əsrlər boyu çox mühüm bir qovşaq nöqtəsidir. Mesopotamiyadan Qərbə getmək istəyənlər Antakyaya yol alıblar. Ədviyyat və İpək Yolu buradan keçib. Anadolunun ən qədim yaşayış məskənlərindən biri olan Antakya Elenistik dövrdə, həm də Roma İmperatorluğu zamanında dünyanın qabaqcıl mədəniyyət mərkəzlərindən biri olub.

  Həzrət İsanın 12 həvarisindən biri olan Müqəddəs Pyer, digər adıyla Əziz Petrus xristianlığı yaymanın asan olacağını düşünərək Antakyaya gəlir. Çünki şəhər həm Qüdsə yaxındır, həm də fərqli mədəniyyətlər bir yerdə dinclik içində yaşamaqdadır.

  O dövrdə zənginliyi, rifahı və intellektual quruluşuyla Roma İmperatorluğunun 3-cü böyük və şərqdəki ən mühüm metropol şəhər olan Antakyaya gələn Müqəddəs Petrus "Stauris", yəni Xaç Dağındakı təbii mağaranı kilsə olaraq istifadə edərək burada moizələr oxuyur. Erkən xristianlıq dövründə, dinin yayılmasında əhəmiyyətli rol oynayır bu mağara-kilsə.

  Sankt Pyer Kilsəsi xristianlığın məzhəblərə ayrılmadan əvvəlki ilk kilsəsi, mağara camaatının ilk dəfə “xristian” adını aldığı və dini ritualların təməllərinin atıldığı yer sayılır. Bu baxımdan Müqəddəs Pyer xristianların ilk rahibi və eyni zamanda, dünyanın ilk Papası olaraq tarixə düşüb. Mağara sonrakı illərdə ilk xristian və yığıncaqlarına şahidlik etdiyi üçün Həcc mərkəzi kimi qəbul edilib.

  Qayalara oyulmuş bu mağara-kilsə yerdən 7 metr yüksəklikdə, 13 metr dərinlikdədir. Roma İmperatorluğunun xristianlığı rəsmi din olaraq qəbul etməsindən sonra edilən əlavə dəyişikliklərlə bir kilsə şəklini alan mağarada rahib Pyerin heykəli qoyulub, mozaika işlənib və müqəddəs su olub ki, əsrlər sonrakı tədqiqatlarda bunların qalıqları tapılıb.

  Ziyarətçilər şəfalı qəbul edilən suyu uzun illər boyu istifadə etmiş və xəstələrinə aparmışlar. Bu su zəlzələlər nəticəsində illər keçdikcə azalsa da, bu gün hələ də qayalardan sızaraq axır.

  Sankt Pyer mağara-kilsəsində dağa açılan gizli bir tunel var. Düşünülür ki, tunel basqınlara uğrayarkən içində gizlənmək üçün nəzərdə tutulub. Kilsənin yaxınlığında çox sayda kiçik ölçüdə təbii mağara və qayalarda oyulmuş məkanların təcrid otaqları kimi istifadə edildiyi güman olunur.

  Antakyadakı Sankt Pyer Kilsəsi UNESCO Dünya Mirası Müvəqqəti Siyahısında yer alır. Hər il minlərlə xristian tərəfindən ziyarət edilən kilsədə müəyyən tarixi günlərdə ayinlər təşkil edilir.

  Kilsədən yuxarı doğru uzanan çığırın sonunda ziyarətçiləri maraqlı görüntü qarşılayır. Bu çətin yol qayalara oyulmuş nəhəng bir qabartma büstlə mükafatlandırır dırmaşmaqdan imtina etməyənləri.

  Yunan mifologiyasında “Cəhənnəm qayıqçısı Xaron” kimi tanınan, başı bir örtüylə bağlanmış 4 metr yüksəkliyində bir qabartma insan portretidir bu. Antakyada yaşanan vəba epidemiyası zamanı çox sayda insan ölüncə şəhər əhli bir kahinə məsləhətə gəlir. Bax, elə bu qabartma maska kahinin verdiyi tövsiyə ilə şəhəri xəstəlikdən və ölümlərdən qorumaq rəmzi kimi düzəldilir.

  Dünyanın ilk mağara kilsəsi Sankt Pyer qədər diqqəti cəlb edən başqa bir müqəddəs məkana da ev sahibliyi edir Antakya: Anadolunun ilk məscidi Həbibi Nəccar Məscidi də bu şəhərdədir.

  Həbibi Nəccar Antakyada yaşayan bir dülgər olub. İsanın həvarilərindən olan Yəhya (Yuhanna) və Yunus (Paulos) yeni dini və tanrının tək olduğunu izah etmək üçün Antakyaya gəlir. Onlara ilk inananlardan biri olur Həbibi Nəccar. Pagan, yəni çox tanrı inamından tək tanrı inancına dəvət edən həvarilərə xalq böyük reaksiya verir, onları öldürmək üçün planları qurur. Həbibi Nəccar xalqa qarşı dayanır, həvariləri qorumağa çalışarkən öldürülür. Qurani Kərimin Yasin surəsində bu hadisədən bəhs edilir.

  Anadolunun ilk məscidi Həbibi Neccar Məscidi iki türbə, mədrəsə hücrələri və fəvvarədən ibarətdir. Məscid həyətinin giriş qapısının sağında Yasin surəsində haqqında danışılan iki elçi – Həzrət Yəhya və Həzrət Yunusa aid edilən məzarlar var.

  Müdrikliyini, şahidlik etdiyi dönüş nöqtələri və onların tarixlərini əsrlərdir yeni nəsillərə köçürən qədim bir şəhərdir Antakya. Hər daşının altından bir tarix boy atan bu şəhərdə dünyanın ən qədim mağara-kilsəsinin camaatı özünü ilk dəfə xristian adlandırıb. Buna görə Antakya Qüdsdən sonra xristianlığın ən müqəddəs şəhəri olaraq və Həcc kimi qəbul edilir.



Әlaqәli Xәbәrlәr