Ersin Tatar Kıbrıs üzrə yeni xüsusi nümayəndənin verdiyi il sonu ziyafətdə iştirak edib

Prezident Ersin Tatar Kolin Stevartın verdiyi “İl sonu qəbulunda” iştirak edib.

1747807
Ersin Tatar Kıbrıs üzrə yeni xüsusi nümayəndənin verdiyi il sonu ziyafətdə iştirak edib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) Kıbrıs üzrə yeni xüsusi nümayəndəsi və Kıbrısdakı BMT Sülhməramlı Qüvvələri missiyasının rəhbəri Kolin Stevartın verdiyi “İl sonu qəbulunda” iştirak edib.

Kıbrısda səlahiyyət müddəti başa çatan Elizabet Speharın yerinə təyin edilən K. Stevart bufer zonada yerləşən “Ledra Palace” otelində ziyafət verib.

Qəbulda Cənubi Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis də iştirak edib. Sentyabrın 27-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin baş katibi Antonio Quterreş ilə üçtərəfli görüşdə bir araya gələn iki lider dünən axşam ilk dəfə görüşüb.

Burada qısa çıxış edən Stevart liderlərin təxminən bir ildən sonra adada ilk dəfə bir araya gəldiyini və tədbirdə olmalarından qürur duyduğunu bildirib.

BMT Baş katibinin Kıbrıs məsələsinə önəm verdiyini vurğulayan Stevar Baş katibin bu istiqamətdə Cenevrə və Nyu-Yorkda göstərdiyi səylərə toxunub.

Stevart həmçinin qeyd edib ki, Baş Katib irəliyə doğru və qarşılıqlı məqbul bir yol tapmaqda liderlərə dəstək olmaq üçün səylərini davam etdirəcək və bu istiqamətdə əlindən gələni edəcək.

Qəbulun qeyri-rəsmi bir tədbir olduğunu deyən Stevart hər kəsi yeni il münasibətilə təbrik edib və gələn ildə Kıbrısla bağlı daha çox irəliləyiş arzulayıb.



Әlaqәli Xәbәrlәr