Azərbaycanlı yanğınsöndürənlər meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər

Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər.

1688072
Azərbaycanlı yanğınsöndürənlər meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Muğla şəhərinin ətrafında böyük əzmkarlıqla yanğınların qarşısının alınması işlərini davam etdirirlər.

Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Hazırda Azərbaycanın Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. Bu qüvvələr Muğla vilayətinin kəndlərində yanğınların geniş miqyasda yayılmasının qarşısını alırlar.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. 

İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.

Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədədir.



Әlaqәli Xәbәrlәr