Respublika Günü münasibətilə Qars şəhərində tədbir keçirilib

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.

1647105
Respublika Günü münasibətilə Qars şəhərində tədbir keçirilib

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.

Mərasimin keçirildiyi qədim Qars qalası Azərbaycanın üçrəngli bayrağının rəngləri və müxtəlif şüarlarla işıqlandırılıb. 

Zəngin bədii proqramla davam edən qəbulda Türkiyə rəsmiləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, ölkədə fəaliyyət göstərən baş konsullar, QHT və KİV təmsilçiləri, Qars ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər.

Qars valiliyinin dəstəyi ilə keçirilən mərasim şəhdilərimizin əziz xatirəsinin yad olunması ilə başlanıb.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Baş konsulu Nuru Quliyev ilə Qars valisi və bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Türker Öksüz mərasimdə çıxış ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, keçmiş sovet dövründəki dövlətçilik tarixi və müstəqilliyin bərpası ilə bağlı müfəssəl məlumat verən baş konsul Nuru Quliyev çıxışında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına geniş yer verib.

28 May – Respublika Günü münasibətilə səmimi təbriklərini ifadə edən vali Türker Öksüz diqqətə çatdırıb ki, Azərbaycanın qazandığı tarixi Zəfər Türkiyənin hər yerində böyük sevinclə qarşılanıb və yaşadığımız qürur əbədiyyətə qədər xalqlarımızın birgə iftixarı olacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə üçün hər zaman mühüm məsələ olub.

Çıxışlarda ifadə olunub ki, tarixi Zəfərin qazanılmasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək, onların ailələri və övladları, eləcə də qazilərimiz bundan sonra da dövlətimizin və xalqımızın qayğısı ilə əhatə olunacaq.

Zəngin bədii proqramla davam edən təbdir rəngarəng atəşfəşanlıqla başa çatıb.



Әlaqәli Xәbәrlәr