Erməni vandalizminin səbəbləri

Azərbaycan jurnalisti, yazıçı və publisist Sabir Şahtaxtı TRT-nin Azərbaycan saytına “Erməni vandalizminin səbəbləri: riyakarlıq, işğalçılıq, terrorizm və cəzasızlıq” məqaləsini təqdim edib

1469102
Erməni vandalizminin səbəbləri

 

  Azərtac informasiya agentliyinin xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı, jurnalist və publisist Sabir Şahtaxtı TRT-nin Azərbaycan saytına “Erməni vandalizminin səbəbləri: riyakarlıq, işğalçılıq, terrorizm və cəzasızlıq” məqaləsini təqdim edib

 

  Koronovirus (Covid-19) pandemiyasından sonra 2020-ci ildə dünya ictimaiyyəti üçün ikinci böyük narahatedici məsələ Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəyə qarşı hərbi təxribat xarakterli hücumları oldu deməyimiz yəqin ki, hamı üçün qəbulolunandır. Bunun ardınca isə mühakimə yürüdə bilərik ki, hər iki amil birlikdə Ermənistanın işğalçılıq siyasətini və vandalizm niyyətlərini bir daha ifşa etdi. Bütün hallarda vəziyyətdən çıxış yolunu dilənçilikdə, dünya ermənilərindən ianə, beynəlxalq təşkilatlardan yardım toplamaqda görən Ermənistan rəhbərliyi “Covid-19” ölkədə tüğyan etdiyini əsas gətirərək pul dilənməyə təzəcə başladığı bir vaxtda, bəzi qüvvələrin siyasi sifarişi əsasında Tovuz istiqamətindən Azərbaycana hücumlara başladı. Buradan başlayaraq Raymond Aronun “Müharibə və sülh nəzəriyyəsində” dövlətlərin xarici siyasətinin prinsipləri barədə deyilən “Beynəlxalq münasibətlərdə dövləti müharibə şəraitində əsgər, dinc şəraitdə diplomat təmsil edir” fikri ətrafında mülahizə aparmaq niyyətindəyik.

  Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə rəsmi qaydada bəyan edib ki, mülki erməni əhali Azərbaycan ordusu üçün heç zaman hədəf olmayıb. Olduqca qürurverici və bütün dünya üçün örnək olan bir yanaşmadır. Bununla bərabər, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin xain hücumlarına qarşı nəticəli cəza tədbirləri görülüb.

  Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan ordusunun hərbi birləşmələri Ermənistan silahlı qüvvələrinin hərbi obyekti - bölüyün dayaq məntəqəsi, Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları aparan “X-55” taktiki pilotsuz uçuş aparatları (PUA), döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası, Ermənistan silahlı qüvvələrinə məxsus kazarmanı və digər hərbi obyektlər ordumuzun birlikləri tərəfindən dəqiq zərbələrlə vuraraq məhv edib.

  Azərbaycan Müdafiə Nazirliyi düşmənin hərbi obyektlərinin dəqiq atəşlərlə vurulmasına dair çox sayda videogörüntü yaydı. Düşmən isə öz riyakar, yalançı və aqressiv qəlibində qalmaqdadı: hər zaman olduğu kimi Tovuz hadisələrində də Ermənistan üçün xain hücumlar, mülki əhalinin, o cümlədən yaşayış evlərinin, əkin sahələrində çalışan insanların atəşə tutulması adi bir norma oldu.

  Azərbaycan milli ordusunun gücünə və əzminə arxayın olan xalq düşmənin qəsbkar niyyətini ifşa etmək üçün siyasi və diplomatik sferada, diaspor müstəvisində və beynəlxalq KİV məkanında fəaliyyət strategiyası müəyyən etdi. Bir sözlə, fövqəladə vəziyyət üçün çevik dövlət mexanizmi avtomatik olaraq işə düşdü. Hadisələrin ilk anından başlayaraq Azərbaycan tərəfi ölkənin müdafiəsini təmin etmək üçün kompleks strategiyaya start verdi. İlk növbədə, bölgədəki ordu birləşmələri düşmən təxribatlarını dəqiq zərbələrlə zərərsişlədirməyə başladı, dünya və yerli ictimaiyyətin davamlı olaraq proseslərlə bağlı məlumatlandırılmasına başlanıldı. İyulun 13-də prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının iclasını, 2 gün sonra Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını keçirdi. Əslində Tovuz bölgəsində döyüşlər olduğu bir vaxtda Azərbaycan hökumətinin keçirdiyi bu iclas düşmən ölkəyə göz dağı oldu. Bütün dünyaya nümayiş etdirildi ki, himayədarlarına arxalanan düşmənin intensiv hücumlarına baxmayaraq, Azərbaycanda həyat, o cümlədən dövlət idarəçiliyində müzakirə və ali qərarların alınması prosesi öz axarındadır.

  Azərbaycan şəhidlər verdi. Xalq qəhrəman övladlarını coşqu ilə haqq dünyasına yola saldı. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirdilər. Şəhid ailələri və qazilərin sosial-məişət şəraiti ilə bağlı çevik qərarlar verildi.

  Bu yerdə, iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən prezident İlham Əliyevin nitqindən mühüm bir məqamıı təqdim etmək əhəmiyyətlidir: “Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam… Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək, bunun axırı nə olacaq”.

  Bəli, qurur və iftixarla vurğulaya bilərik ki, Azərbaycanda həyata normal yolda davam etdiyi halda, təcavüzkar tərəf isə ənənələrə uyğun olaraq özünə xaricdə havadarlar axtarmağa başladı. Ermənistan rəhbərli sələfləri kimi Tovuz hadisələri zamanı da gecə aslan, gündüz tülkü qiyafəsini dəyişmədi. Bir tərəfdən ölkəmizə qarşı hərbi təxribat törədərək yeni bir müharibə cəbhəsi yaratmağa cəhd etdilər, digər tərəfdən riyakarcasına dünya birliyində imdad istədilər.

  İndi isə Azərbaycanın siyasi və diplomatik sferada əldə olunan nailiyyətlərin bəzilərinə diqqət edək. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlət və hökumət orqanları, ölkə əhalisi Azərbaycana açıq dəstək verdi. İyulun 22-də BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan respublikasının prezidenti İlham Əliyevə zəng edərək, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT-nin baş katibi, eyni zamanda, qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul etdi. QH-nin 120 üzv dövləti Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədində son hərbi təxribatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.

  Çili senatında Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Fransisko Çauan Azərbaycanın suverenliyinə qarşı törədilmiş zorakılıq aktını qınayıb. “Avropa Parlamenti-Azərbaycan” parlament dostluq qrupunun prezidenti Andris Ameriks Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi fitnəkar hərəkətlərlə bağlı məktubunda qeyd edib ki, “Şərq tərəfdaşlığı” ölkələrində regional münaqişələr məsələsində Avropa Parlamentinin mövqeyi beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyünün qeyd-sərtsiz dəstəklənməsindən və onların zorla dəyişdirilməsinin yolverilməzliyindən ibarətdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədikləri son hərbi təxribatlar Latviya Seyminin deputatları tərəfindən qınanılıb. Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı barədə bəyanat verib.

  İndi isə diaspor xarakterli tədbirlər silsiləsindən bəzi məqamlara baxmaq lazımdır: azərbaycanlılar Türkiyənin Ankara, İstanbul, İzmir, İğdır, Ukraynanın paytaxtı Kiyev və digər şəhərlərində, Vyananın mərkəzində, Niderland Krallığında, BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə, Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısında, Budapeştin mərkəzində, Bavariya paytaxtındakı Marienplas meydanında, Finlandiyanın paytaxtı Helsinkidə, bu ölkə parlamentinin qarşısında, ABŞ-ın İllinoys ştatının Çikaqo, Kanadanın Toronto və Ontario, İsveçrənin Cenevə, Almaniyanın Köln, ABŞ-ın Vaşinqton və Los-Ancelesdə şəhərlərində dinc məqsədlə yürüş, mitinq və piketlər keçirilib. “Ermənistanın işğalına son qoyulsun!”, “Ermənistan BMT qətnamələrini icra etməlidir!”, “Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.

  Təəssüf ki, erməni lobbisi bütün bu aksiyalara qarşı dözümlülük nümayiş etdirə bilmədi. ASALA yenidən xortlayaraq Azərbaycanın Fransa, ABŞ, Niderland, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Belçikadakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlıları hədəf aldı. Çox sayda soydaşımız yaralanadı. Bu hücumlar erməni təxribatlarını, iki əsrin erməni yalanlarını ifşa etsə də beynəlxalq ictimaiyyətdən sərt təpki ala bilmədi. Ermənilər onillər boyu vərdiş ediblər ki, birtərəfli qaydada aksiyalara keçirməklə dünya ictimaiyyətini aldadaraq özləri haqqında yazıq və əzilən irq obrazı yaratsınlar. Nəhayət erməni dözümsüzlüyü Los-Ancelesdə son həddə çatdı. Təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

  Azərbaycan tərəfi baş verən erməni vandalizminə qarşı etiraz səsini beynəlxalq hüquqi müstəviyə çıxardı. Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının ölkəmizdəki səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıblar. Bu görüşlərdə ermənilərin sərhəddə törədikləri təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıldı. Erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlıbu ölkədən rəsmən izahat istənilib.

  Xarici ölkələrdəki Azərbaycan diplomatik nümayədəliklərinə və soydaşlarımıza hücum cəhdləri bütün səviyyələrdə pislənildi. Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində deyilir: “Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər”. Birinci vitse-prezident Mehriban xanım Əliyeva müraciətində, hər şeydən əvvəl, Ermənistanın işğalçı ordusunun dövlət sərhədimizdə törətdiyi təxribatdan sonra yaranmış yeni situasiyada öz Vətənini müdafiə etmək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı törədilən erməni zorakılığı və vandalizminə diqqət çəkir. 

  Qeyd etmək lazımdır ki, iyulun 12-də Azərbaycanın Tovuz rayonu bölgəsində torpaqlarımıza qarşı erməni hücumları başlanandan bəri bu proseslə bağlı bütün məqamlar beynəlxalq KİV tərəfindən geniş işıqlandırılıb. Erməni yalanlarının KİV üzərindən ifşa edilməsi böyük nəticələr verib. Xarici ölkələrdə keçirilən dinc aksiyalar və beynəlxalq KİV-lərdəki çıxışlar sözün əsl mənasında erməni lobbisini təşvişə salıb. 1970-1980-ci illərdə 34 türk diplomatı və ailə üzvünü daxil olmaqla ümumilikdə 58 türkü amansızlıqla öldürən yetirən ASALA erməni terror təşkilatının dinc aksiya keçirən azərbaycanlılara qarşı yenidən üzə çıxmasının əsl səbəbi məğlubiyyətlə barışmamaqdır.



Әlaqәli Xәbәrlәr