"Türkiyə Kıbrıs Türk xalqının yanında olmağa davam edəcək", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Kıbrısda həll yolu axtarışlarında bütün səmimiyyətini ortaya qoyduğunu və bu uzun yolda hər zaman həll yolunda güclü iradə göstərdiyini ifadə etdi.

1266259
"Türkiyə Kıbrıs Türk xalqının yanında olmağa davam edəcək", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Kıbrısda həll yolu axtarışlarında bütün səmimiyyətini ortaya qoyduğunu və bu uzun yolda hər zaman həll yolunda güclü iradə göstərdiyini ifadə etdi.

Nazir Çavuşoğlu rəsmi səfərdə olduğu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində prezident Mustafa Akıncı  ilə birgə mətbuat konfransı təşkil edib.

Çavuşoğlu prezident Akıncı ilə görüşü ilə yanaşı ŞKTC Cümhuriyyət Məclisində təmsil edilən siyasi partiyaların sədrləri ilə də yığıncaq keçirdiklərini bildirərək, bu yığıncaqlarda Kıbrıs məsələsini və Şərqi Aralıq dənizindəki karbohidrogen fəaliyyətlərilə yanaşı əhlavatları qiymətləndirdiklərini, gələcək dövrdə atılacaq addımları müzakirə etdiklərini söyləyib.

BMT-nin baş katibi Antonio Qutarreşin Kıbrıs üzrə vəzifələndirdiyi müvəqqəti məsləhətçisi Ceyn Holl Lutenin keçən həftəki görüşlərini yaxından təqib etdiklərini dilə gətirən Çavuşoğlu “Təəssüf ki, Kıbrıs Türk xalqının siyasi bərabərliyinin qəbulu mövzusunda Rum tərəfində düşüncə dəyişikliyi olduğuna qane olmadıq” deyib.

Çavuşoğlu Türkiyənin Kıbrıs Türkünün siyasi bərabərliyini təmin edən və təhlükəsizliklə bağlı narahatlığına cavab verən istənilən seçimi müzakirəyə hazır olduğunu vurğulayaraq, “Heç bir həll yolunu istisna etmirik. Hər hansı bir həll yolu modelinin qəbul edilməsi üçün təzyiq edilməsinin də əleyhinəyik. Ancaq məsələnin əsası Rum tərəfinin Kıbrıs Türkünün siyasi bərabərliyini bütün əsasları ilə əvvəldən qəbul etməsidir” deyə bildirib.  

Xarici işlər naziri Çavuşoğlu Şərqi Aralıq dənizindəki enerji qaynaqlarının adada sülh və sabitliyin yaranmasında fürsət olaraq istifadə olunmasının vacibliyinə də diqqət çəkib.

“Xəbərdarlıqlarımıza diqqət yetirilməməsi qarşısında Şərqi Aralıq dənizində həm özümüzün həm Kıbrıs Türkünün maraqlarını qoruyacağımızı və bu sahədə lazım olan addımları atmaqdan imtina etməyəcəyimizi hər fürsətdə vurğuladıq və göstərdik” deyə qeyd edən Çavuşoğlu Fatih, Barbaros, Oruç Rəis ilə Yavuz adlı gəmilərin Şərqi Aralıq dənizində qazma və seysmik araşdırma fəaliyyətlərini davam etdirdiyini xatırladıb.

Çavuşoğlu Kıbrıs Türkünün adada sülh və təhlükəsizlik içində yaşamasının Türkiyə üçün əsas mövzu olduğunu bildirərək, Türkiyənin Kıbrıs Türk xalqının yanında olmağı davam etdirəcəyini sözlərinə əlavə edib.

ŞKTC prezidenti Mustafa Akıncı da mətbuat kofransında Şərqi Aralıq dənizindəki təbii sərvətlərin bölgədə əməkdaşlığa, sülhə və sabitliyə töhfəsinin olmasını hər zaman arzu etdiklərini dilə gətirərək, “Hər zaman bunu vurğuladıq, bu istiqamətdə təkliflər irəli sürdük. Təbii qaz mövzusunun bir gərginlik məsələsi deyil, bir sülh körpüsü olmasını istədik. Bu istiqamətdə ortaq komitə qurulmasını təklif etdik. Təəssüf ki, Rum tərəfinin şərtsiz rəddi ilə qarşılaşdıq. Bunun müqabilində bizə qəbul edilməsi qeyri-mümkün olan, birgə addım atılmasına imkan verməyən, sadəcə Kıbrıs Türk tərəfini məlumatlandırmağı ehtiva edən və bunu edərkən də Türkiyə ilə Rum idarəsini bir masa ətrafında bir araya gəlməsini və xüsusi iqtisadi sahələrin müəyyən edilməsini ehtiva edən bir təkliflə qarşı-qarşıya qaldıq” deyib.

Görüşlərdə Kıbrıs mövzusundakı son vəziyyəti də müzakirə etdiklərini bildirən Akıncı xüsusi nümayəndə Ceyn Holl Lutenin 1 ildən artıq müddətdir Kıbrısa gəlib-getdiyini söyləyib.

Akıncı Luteyə gəldiyi ilk gündən etibarən söylədiklərinin dəyişmədiyini vurğulayaraq, “Bizim üçün vacib olan siyasi bərabərlik məfhumu var. Siyasi bərabərlik bərabər iştirakla bir yerdə olsa məna daşıyar. Siyasi bərabərlik dedikdə isə, içi boş məfhumdan söhbət etmirik. Qərarlarda iki tərəfin də iştirakı əhəmiyyətlidir, bunu bu şəkildə qiymətləndiririk” deyib.

Mustafa Akıncı Lute ilə keçirdikləri görüşlərdə bir daha nəticəsiz, nəticənin diqqətdə saxlanmadığı və onlara yenə illərlə müzakirələrlə başını qatacaq bir prosesə daxil ola bilməyəcəklərini də vurğuladıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr