Hər il əllərində qərənfillərlə onları yad edirlər

Azərbaycanda müstəqillik simvoluna çevrilən və tarixə Qanlı Yanvar kimi düşən 20 Yanvar Qırğınının qurbanları yada salınıb.

892746
Hər il əllərində qərənfillərlə onları yad edirlər

  Azərbaycanlılar və qonaqlar 1990-cı ildə baş verən qətliamda həlak olanları anmaq üçün Bakı Şəhidlər Xiyabanına axın edib.

  Şəhidlər Xiyabanına əvvəlcə ölkə prezidenti İlham Əliyev və digər yüksək dövlət rəsmiləri gəlib. 

  Xatirə mərasimində Azərbaycan himni oxunub.

  İlham Əliyev Əbədi Məşəl abidəsi önünə əklil qoyub.

  Rəsmi mərasimdən sonra minlərlə azərbaycanlı Şəhidlər Xiyabanına gedərək məzarlara qırmızı qərənfillər düzüb.

  Bakı vaxtıyla saat 12.00-da şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Xəzər dənizi sahilindəki gəmilər fit çalaraq anma mərasiminə qatıldıqlarını göstəriblər.

  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirlik əməkdaşları, Bakıdakı Türkiyə qurum və təşkilatlarının nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət edib. Həmçinin Türkiyənin Səfirlik binası, Naxçıvan və Gəncə Baş Konsulluqları və Türk Şəhidliyində bayraqlar yarıya endirilib.

  Xatırladaq ki, ermənilərin ərazi tələbləri və Sovet rəhbərliyinə reaksiyalarını göstərmək istəyən minlərlə azərbaycanlı 1990-cı ilin əvvəllərində Bakının Azadlıq Meydanına axın etdi və uzun müddətli mitinqlərə başladı. Mitinqləri dağıtmaq məqsədilə yanvarın 19-dan 20-sinə keçən gecə Bakının müxtəlif yerlərinə girən Sovet ordusu aralarında qadın və uşaqların da olduğu 150-yə yaxın insanı qətlə yetirdi, yüzlərlə adamı yaraladı.

  Şəhidlər yüz minlərin iştirakı və göz yaşları ilə qırmızı qərənfillərlə, bugünkü adı ilə, Şəhidlər Xiyabanında dəfn edildi.

  Azərbaycanlılar 28 ildir ki, hər 20 yanvar günü qırmızı qərənfillərlə 20 Yanvar qurbanlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarətə gedir.



Әlaqәli Xәbәrlәr