Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı üzrə Birgə Hökumətlərararası Komissiyanın 11-ci iclası

Azərbaycanın baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən yığıncaqda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib

2137164
Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı üzrə Birgə Hökumətlərararası Komissiyanın 11-ci iclası
Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı üzrə Birgə Hökumətlərararası Komissiyanın 11-ci iclası_01.jpg
Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı üzrə Birgə Hökumətlərararası Komissiyanın 11-ci iclası.jpg

 

  Mayın 8-də paytaxt Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

  Azərbaycanın baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən yığıncaqda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

  İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.

  Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilib.

  Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə olunub.

  2023-cü ildə qarşılıqlı ticarətin 31 faiz artaraq rekord 7,65 milyard ABŞ dollarına çatdığı bildirilib, ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları diqqətə çatdırılıb. Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.

  Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olunub.

  Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb.

  İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirilib.

  Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5 milyon tona çatdırılmasına şərait yaradacaq.

  Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.

  İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpaolunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

  Sonda baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci İclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar.

  İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişi”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair anlaşma memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında niyyət bəyannaməsi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında anlaşma memorandumu” imzalanıb.

  Daha sonra Azərbaycanın baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.

  Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

  Ə.Əsədov əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırıb.

  Baş nazir 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP-29-da iştirakla bağlı Azərbaycan prezidenti İlham Əliyevin dəvət məktubunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

  Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr