Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq bəyannaməsi

İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında İ.Əliyev bildirdi ki ...

2137163
Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq bəyannaməsi

 

  “Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə” imzalandı.

  Paytaxt Bakıda təkbətək və nümayəndə heyətləri arası görüşlərdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə” imzaladılar.

  Bundan əlavə, müvafiq nazirlər və rəsmi şəxslər iki ölkənin hava yolları şirkətləri arasında kod mübadiləsi, texnoloji yeniliklər və enerji sahələrində anlaşma memorandumlarına imza atıblar.

  İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında İ.Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq sayəsində Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi son illər bir neçə dəfə artıb. O, qeyd edib ki, Azərbaycan təbii qazı Bolqarıstan vasitəsilə digər qonşu ölkələrə də ixrac olunur və gələcəkdə bu ölkələrin sayı artacaq.

  Bolqarıstan prezidenti R.Radev də öz növbəsində bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm və həlledici tərəfdaşa çevrilib və ölkəsinin qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır.

  Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika naziri Vladimir Manilov iştirak ediblər.

  Forumun açılışında çıxış edən M.Cabbarov Azərbaycan ilə Bolqarıstanın əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin əsasında yalnız neft-qaz sahəsindəki əməkdaşlıq əlaqələri dayanmır: “Bolqarıstan Azərbaycandan təbii qaz idxal edir. Lakin bununla yanaşı qeyri-neft sektorunda da əməkdaşlıq etmək üçün böyük potensial var. Bolqarıstanın iş adamları Azərbaycana sərmayə yatırıb biznes qura bilərlər. Bu gün keçirilən biznes forumunun da məqsədi hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələrin yaradılmasından ibarətdir”.

  Bolqarıstanın energetika naziri Vladimir Manilov da çıxışında belə deyib: “Bolqarıstan ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələr artıq strateji xarakter daşıyır. Hər iki dövlətin başçısı siyasi iradə ortaya qoyaraq bütün sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrinin qurulması niyyətində olduğunu bildiriblər. Azərbaycan biznesinin Bolqarıstanın iqtisadiyyatında iştirak etməsi üçün heç bir məhdudiyyət yoxdur”. 



Әlaqәli Xәbәrlәr