Azərbaycan-Türkiyə müttəfiqliyi və Aralıq, Egey dənizləri hövzələrindəki proseslər

TRT/Azerbaycan AZƏRTAC xəbər agentliyinin Türkiyə Bürosunun rəhbəri, azərbaycanlı jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının araşdırma yazısını təqdim edir

1915162
Azərbaycan-Türkiyə müttəfiqliyi və Aralıq, Egey dənizləri hövzələrindəki proseslər

 

 Azərbaycan prezidenti İlham Əliyev: “Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik”.

  TRT/Azerbaycan AZƏRTAC xəbər agentliyinin Türkiyə Bürosunun rəhbəri, azərbaycanlı jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının araşdırma yazısını təqdim edir . 

  Qardaş Türkiyənin xarici və daxili siyasətindəki qətiyyətli qərarlar, həyata keçirilən kompleks inkişaf tədbirləri, mehriban qonşuluq siyasəti və səmimi dostluq diplomatiyası uzun illər xaricdən ssenariləşən təxribatları ardıcıl şəkildə dəf etməkdədir. O cümlədən həyata keçirilən çevik diplomatik tədbirlər nəticəsində Aralıq və Egey dənizlərində mövqelər gücləndirilir.

  Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Aralıq və Egey dənizləri hövzələrindəki proseslərə təsir imkanlarını sürətlə artırmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq hərbi Qələbə Türkiyənin dəniz sərhədləri istiqamətindən gələn təhdidləri tədricən aradan qaldırmağa başlayıb. Səbəb açıq və konkretdir. Uzun illər saxta “erməni soyqırımı” adı altında siyasi təzyiqlərə məruz qalan rəsmi Ankara Azərbaycanın qazandığı Zəfəri həm ümumtürk, həm də regional baxımdan sülh, sabitlik və inkişaf şansı kimi dəyərləndirir. Məhz bu sağlam yanaşma nəticəsində Türkiyə uzun illər ona qarşı əsassız iddialarda olan Ermənistanı əfv edərək normallaşma prosesinə qatılıb. İkinci Qarabağ müharibəsinin real nəticəsi, eləcə də Azərbaycanın və Türkiyənin Ermənistanla normallaşma səyləri tamamilə başqa bir mövzu olmaqla bərabər, sülh vəziyyəti demək deyil. Erməni lobbisinin məlum normalaşma prosesinə mənfi təsiri və təxribatları açıq şəkildə davam edir.

Şanlı Zəfərin Türkiyəyə qarşı dəniz təxribatlarının qarşısının alınmasına verdiyi şanslar

  Azərbaycanın 30 il məruz qaldığı işğal, eyni zamanda, Türkiyə üçün də ağır mənəvi yük, beynəlxalq siyasətdə əlavə iş olmuşdu. BMT, NATO, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təsisatların tədbirlərinə dair yekun sənədlərə ölkələrin ərazi bütövlüyünün tanınmasına dair müddəaların salınması Azərbaycanın və Türkiyənin xarici siyasətində mühüm istiqamət kimi qorunmuş, bütün hallarda daim öz mənfəətləri üçün çalışan bir sıra ölkələrlə məcburi əməkdaşlıq vəziyyəti yaratmışdı.

  Zəfərdən sonra isə vəziyyət tamamilə dəyişib. Qafqazdakı mövcud geosiyasi və hərbi vəziyyət Türkiyənin Egey və Aralıq dənizlərində həm özünün, həm də Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını qorumaq məsələlərində qətiyyətini daha da artırıb, çevik siyasət imkanlarını genişləndirib. Rəsmi Ankara açıq bəyan edir ki, Yunanıstanın əməkdaşlıq əvəzinə, silahlanma, Türkiyəni təcridetmə və özgələşdirmə siyasəti, əsasən özünə və üzv olduğu Avropa İttifaqına zərər verəcək. Rəsmi Afinanın gah bu, gah da digər dövlətin təsiri altında Türkiyəyə qarşı çıxması bölgədə sülh və sabitliyi təhdid edən problemli siyasət kimi dəyərləndirilir. Beləliklə, Ermənistandan gözlənilən təhlükələrin Azərbaycanın gücü ilə dəf edilməsi Türkiyənin cənub və qərbdəki dəniz sərhədlərində təhlükəsizlik tədbirlərini artırmağa böyük imkanlar yaradıb.

Sahil qonşuları ilə normallaşmanın regional proseslərə təsiri

  Türkiyə məhz zamanında Liviya siyasətini xüsusi strategiya ilə qurmaqla Qəddafi dönəmindən sonra bu ölkəyə böyük tarixi missiya ilə qayıtmağı bacardı və mövqelərini olduqca sağlam tərzdə, Liviyanın milli maraqları, ölkə xalqının rifahına zərər gətirmədən möhkəmləndirdi. Məhz bu amillər əsasında Türkiyənin bu ölkədəki mövcudluğu yerli xalqın dəstəyini qazandı. İndi növbə Misir və İsrailə çatıb.

Faktlara nəzər salaq:

–     Qətərin Əl-Xor şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi görüşüblər. Ayaqüstü salamlaşan dövlət başçıları söhbət ediblər. Liderlər normallaşma prosesi üçün növbəti addımlarla bağlı göstərişlər veriblər.

–     Türkiyə-İsrail münasibətlərinə gəldikdə, məlum olduğu kimi, iki ölkə arasında əlaqələr ali rəhbərlik səviyyəsinə yüksəlib və bütün sahələr üzrə strateji maraqlar çərçivəsində davam edir;

–     Səudiyyə Ərəbistanı başda olmaqla, digər ərəb ölkələri ilə qarşılıqlı anlaşma şəraitində münasibətlər inkişaf xəttindədir. Buraya Suriya ilə münasibətlərdəki şansları da əlavə edə bilərik;

–     Türkiyə-Qətər münasibətləri ali səviyyədə dinamik inkişafdadır və sair.

  Məqalənin girişində Türkiyənin İsrail və ərəb ölkələri ilə münasibətlərinin normallaşmasında Azərbaycanın oynadığı tarixi rola dair Prezident İlham Əliyevin fikirlərindən sitat təqdim etmişik. Bu fakt deməyə əsas verir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Aralıq və Egey dənizləri hövzələrindəki proseslərə təsir imkanlarının gücü limitsizdir.

  Məlumat üçün bildirək ki, 1923-cü ilin Lozanna, 1947-ci ilin Paris anlaşmalarına görə, Yunanıstan Egey dənizinin şərqindəki adaları silahlandıra bilməz. Bu, beynəlxalq öhdəliyin pozulmasıdır. Türkiyə tərəfi Yunanıstanın Egey dənizindəki Midilli və Sakız adalarına ABŞ istehsalı olan hərbi texnika yerləşdirməsini təsdiq edən videomateriallar yaymaqla bütün dünyaya nümayiş etdirdi ki, bu hövzədəki bütün proseslər nəzarətdədir.

  Türkiyə tərəfi açıq bəyan edib ki, milli və dövlətçilik maraqları təhlükədə olduqda rəsmi Ankara məsləhətləşmə və müzakirə deyil, konkret addımlar atır. Bu məntiqlə əsaslandıra bilərik ki, Türkiyə su sərhədlərindən gözlənilən istənilən təhlükənin qarşısını almaqda, eləcə də özünün və Şimali Kiprin mənafelərini qorumaqda israrlı və qətiyyətlidir. Türkiyə Silahlı Qüvvələrinin dəniz qoşunlarının modern silahlar və müdafiə sistemləri ilə təmin edilməsi bu prosesin əsasıdır. İsrail və Misirlə münasibətlərin normalaşması, ilk növbədə, “Mavi Vətən”in bir parçası olan Aralıq və Egey dənizlərində başda enerji daşıyıcılarına aid beynəlxalq layihələrin reallaşdırılması üçün yeni üfüqlər açır. Azərbaycan neft və qaz strategiyası tranzit nəqletmə burada mühüm amildir. Türkiyə-İsrail-Misir üçtərəfli əməkdaşlıq formatı, heç şübhəsiz, Yunanıstanı təxribatlardan daşınıb əməkdaşlıq barədə düşünməyə məcbur edən diplomatik jest kimi tarixdə qalacaq.



Әlaqәli Xәbәrlәr