Yara bantının yaranması (mətin və audio)

TRT "Türkiyənin səsi" radiosunun “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu gün sizə yara bantının – plastırın yaranmasından danışırıq, mətni oxuyur Sevda Mirzə

2137682
Yara bantının yaranması (mətin və audio)

Yara bantı - plastır necə yarandı?

    

  Hər kəs uşaqlıqda bir neçə dəfə yıxılıb, əli, ayağı siyrilib, ya kəsilib. Xüsusilə, gənclər istər küçədə, istər məktəbdə, istərsə də evdə dostları ilə oynayarkən oyuna həddən artıq aludə olunca diqqətsiz davranaraq, yerə sərt yıxılaraq özlərinə yüngül xəsarət yetiririlər. Buna görə də qollarda və ayaqlarda kiçik sıyrıqlar və ya qanaxmalar üçün təcili xilasediciyə ehtiyac olur. Bu xilasedicinin adı yara bantıdır. Evdə, işdə, küçədə ehtiyatsızlıqlar nəticəsində yaranan xırda sıyrıqlar və ya ağrılı kəsiklər üçün bu kiçik sarğılara təkcə uşaqlar və gənclər deyil, böyüklərin də ehtiyacı var. Bəs zahirən kiçik görünən, lakin həyati təhlükəsinə qarşı yara bantı necə yaranıb? Onun məqsədi nədir?

  Amerikalı ixtiraçı Erl Dikson (Earle Dickson, 1892-1961) 1920-ci illərdə ABŞ-da əməliyyatlar üçün qazlı bez və sarğı istehsal edən şirkətdə işləyirdi. Onun həyat yoldaşı Cozefina (Josephine) yemək bişirməyi sevən, eyni zamanda ev işləri görərkən bilmədən tez-tez əlini kəsən, ya yandıran bir evdar qadın idi. Erl yaranın üzərinə qazlı bez qoyub yapışqan parçayla həyat yoldaşına tibbi yardım göstərir, beləcə, arvadının əlini daim sarımaq məcburiyyətində qalırdı. Bu cür kiçik xəsarətlər üçün Erl pambıq parça və tənzifdən istifadə edirdi. Lakin hər dəfə yaranın ölçüsünə uyğun hər iki materialı ayrı-ayrılıqda kəsmək və əllə sarımaq lazım gəlirdi ki, bu da vaxt alırdı. Bir gün onun fikrinə parçanın ortasına tənzif yerləşdirmək və bu kiçik sarğının kənarlarına yapışqan birləşdirmək gəldi. Bunun üzərində çalışmağa başlayan Erl Dikson cərrahi lent zolağının ortasına steril tənzif qatlayıb yerləşdirdi, “krolin” adlı yapışqan parçadan istifadə etdi, öz əlinə yapışmayacaq şəkildə yaranı örtdü, bantı yuvarladı, yapışdırdı. Beləliklə, həyat yoldaşı Cozefina bu zolaqdan istədiyi qədər kəsə və ehtiyac duyduğu zaman yaranı praktik olaraq bağlaya bilirdi.

  Erl Dikson yeni yara bantından kommersiya məqsədilə istifadə edə biləcəyini anladı və ixtirasını işlədiyi şirkətin müdirinə təqdim etdi. Bu təsadüfi ixtiranın kommersiya gələcəyini dərk edən şirkət rəhbərliyi tezliklə yara bantını "Band Air" adı ilə istehsal edərək istifadəyə verdi.

  Satışlar əvvəlcə o qədər də yaxşı olmadı. Lakin şirkətin marketinq şöbəsi müəyyən etdi ki, o zaman ABŞ-da uşaqlar arasında populyar idman növü olan skautinq klubları ilə əməkdaşlıq edərək məhsulu tanıtsın. Skaut oğlanlar məşqlərdən evə kiçik sıyrıqlar və yaralarla qayıdarkən Diksonun möcüzəvi ixtirası onların köməyinə gəlirdi.

  Şirkət yeni məhsulunu uzun müddət skautlara pulsuz verdi. Sarğılar evdə ilk tibbi yardım çantalarında əvəzolunmaz yer tutdu. Bu marketinq taktikası sayəsində şirkət əl istehsalından bir neçə il sonra tələbi qarşılamaq üçün sənaye istehsalına keçdi. Erl Dikson şirkətinə milyardlarla dollar qazandıran bu ixtira sayəsində şirkətin vitse-prezidenti vəzifəsinə qədər yüksəldi.

  Yara bandı tozda, torpaqda, çirkli suda olan zərərli mikroorqanizmlərin açıq yara ilə təmasa girməsinin qarşısını alır, bununla infeksiyaların yaranmasının önünü kəsir. Bantdakı kiçik hava dəlikləri oksigenin yaraya çatmasına imkan verir ki, bu da bədənin kiçik kəsikləri və ya sıyrıqları öz-özünə sağaltmasına kömək edir. Hal-hazırda müxtəlif ölçülü və formalı onlarla növ yara sarğıları – plasterlər istehsal olunur.

  Yara bantlarının yapışan lentlərlə yanaşı, hətta sprey formaları da var. Bu sprey yara üzərində nazik liflər şəbəkəsi yaradaraq zədələnmiş hissəni qoruyur və yeni dəri hüceyrələrinin əmələ gəlməsinə şərait yaradır. Üstəlik inkişaf edən texnologiya ilə sarğılar üzərində sensorlar yerləşdirilmiş yara bantı növləri smart cihazlarla inteqrasiyada işləyir və yaranın cari vəziyyətini izləməyə imkan verir. Belə ki, lazım gəldikdə zədələnmiş nahiyəyə dərman müalicəsi tətbiq olunur və ya açıq yara adi halda daha tez sağalır.



Әlaqәli Xәbәrlәr