Türkiye tarixinin dönüş nöqtələrindən birinə şahidlik etmiş Samsun şəhəri

1919-cu il mayın 19-u Türkiyə Cümhuriyyətinin tarixində böyük əhəmiyyətə malikdir.

1990115
Türkiye tarixinin dönüş nöqtələrindən birinə şahidlik etmiş Samsun şəhəri

1919-cu il mayın 19-u Türkiyə Cümhuriyyətinin tarixində böyük əhəmiyyətə malikdir. Çünki Birinci Dünya Müharibəsinin sonunda müttəfiqlər məğlub olan və hər şeyini itirən Osmanlı İmperiyasının torpaqlarını işğal edib paylaşmağa başlayıblar. Xalq işğala qarşı müqavimət göstərirdi. Bu müqavimətin baş verdiyi yerlərdən biri də Samsun şəhəri idi. Osmanlı ordusunun mühüm sərkərdələrindən biri olan Mustafa Kamala Samsunda rumlar və türklər arasındakı qarşıdurmalara son qoymaq və türklərin əlində olan silahları toplamaq üçün sonuncu Osmanlı sultanı Vəhdəttin tapşırıq vermişdi. Mustafa Kamal çox uzun müddət dövlətin vəziyyətindən xəbərdar idi. Bu missiya onun əsas missiyasının, yəni vətəni xilas etmək missiyasının başlanğıcı oldu. Birlikdə gedəcəkləri komandan və məmurları təyin edərək İstanbuldan "Bandırma" adlı köhnə gəmiyə minərək Samsuna doğru yola düşdü.

Bu gün sizi Türkiye tarixinin dönüş nöqtələrindən birinə şahidlik etmiş Samsuna aparacağıq. Bir millətin yox olmaqdan qurtuluşunun və yenidən qurulmasının başladığı yer olan Samsuna!

Bandırma gəmisi əvvəllər iki dəfə batmış və sonra yenidən suya salınan köhnə bir gəmi idi. Gəminin ingilislər tərəfindən batırılacağı ilə bağlı şayiələr də dildən dilə dolanırdı . Mustafa Kamal Atatürk və dostları bütün bunları nəzərə alaraq mayın 16-da Bandırma gəmisinə minərək İstanbuldan yola düşdülər. Onlar Samsuna cəmi üç gün sonra, 19 may 1919-cu ildə çata bildilər. Bu gün səyahətimizə Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Samsuna ilk addım atdığı yerdən başlayacağıq. Burası gəmilərin yan aldığı Tütün körpüsüdür. Bu, Türk tarixinin ən mühüm anlarından birinə şahidlik edən tarixi biri körpüdür, çünki Atatürk Türk Millətini azad etmək üçün Milli Mübarizəyə məhz burada başlamışdır. Tütün körpüsü ilkin formasına uyğun olaraq yenidən qurulub. Körpüdə olan mum heykəllər Mustafa Kamal Atatürk və dostları ilə görüşə gedən samsunlulara aiddir. Körpüdən başlayaraq Qazi Muzeyinə qədər olan hissə “Azadlıq Yolu” adlanır və gəzinti yoludur.

Biz də bu yolu təqib edərək Qazi muzeyinə üz tuturuq. Hazırda muzey olan bu bina əslində Mustafa Kamal Paşanın 1919-cu ildə Samsuna gəldiyi zaman qaldığı Mıntıka Palas otelidir. İki mərtəbəli və çox sadə binadır. Muzeyin aşağı mərtəbəsində Atatürkün istifadə etdiyi silahlar və paltarlar sərgilənir. Yuxarı mərtəbədə Atatürkün əşyaları, yataq otağı, Atatürk və yoldaşlarının mum heykəlləri var. Muzeyin yaxınlığındakı Atatürk parkında yerləşən “Şərəf abidəsi” Samsunun simvolu hesab olunur. Avstriyalı heykəltəraş Heinrich Krippel (Haynrih Krippil) tərəfindən hazırlanmış bu abidə Müstəqillik Müharibəsinin başladığı anı təmsil edir.

İndi Bandırma çimərliyinə gedirik. Burada Bandırma Vaporu Muzeyi və Milli Mübarizə Açıq Səma Muzeyi var. Yerli və xarici turistlər bu tarixi gəmini böyük maraqla ziyarət edirlər. Çünki Bandırma gəmisi bir millətin yenidən doğulmasında mühüm rol oynayıb. Bu köhnə gəmi Qara dənizin şiddətli dalğalarına məhəl qoymadan Atatürk və dostlarını İstanbuldan Samsuna daşıyıb. Bu həyati vəzifəni yerinə yetirdikdən sonra bir müddət poçt xidmətlərində istifadə olunub. O, Türkiye Cümhuriyyətinin elan edilməsindən qısa müddət sonra xidmətdən kənarlaşdırılıb. Burada gördüyünüz Gəmi-muzey Bandırma gəmisinin şəkillərinə isnad edilərək dəqiq ölçülərdə yenidən hazırlanmış versiyasıdır. 

Gəmi- muzeyini gəzdikdən sonra indi muzeyin açıq hava hissəsinə keçirik. Milli Mübarizə Açıq Səma Muzeyi böyük bir ərazidə yerləşib. Türkiyenin ən uzun keramika relyeflərinə bu ərazidə rast gəlinir. Relyeflərdə türk millətinin müstəqillik müharibəsindəki epik mübarizəsi təsvir olunub.

1919-cu il mayın 19-u türk milləti üçün tarixin axarının dəyişdiyi gündür və bu günə şahid olan yer Samsundur. Bu gün sizə Türkiye Cümhuriyyəti üçün əhəmiyyətli bir tarixi danışaraq Samsunu gəzdik. Təbii ki, Samsun bununla məhdud deyil; bir-birindən gözəl təbii gözəlliklərini görmək üçün gələn həftə yenə Samsun şəhərində olacağıq. 



Әlaqәli Xәbәrlәr