“Bu dəfə bu taydan – Şuşadan o taya – Cənubi Azərbaycana baxdıq...” (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosunun qonağı hər iki Azərbaycanı öz varlığında birləşdirən, ruhu etibarilə ədəbiyyat, söz insanı, Berlində fəaliyyət göstərən Azərbaycan Kültür və Ədəbiyyat (İşıq yol) Dərnəyinin sədri, şair və naşir Şərifə xanım Cəfəridir

1933868
“Bu dəfə bu taydan – Şuşadan o taya – Cənubi Azərbaycana baxdıq...” (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): Salam, hörmətli dinləyicilər və tamaşaçılar. Siz bizi TRT “Türkiyənin səsi” radiosundan dinləyir, həm də, TRT/Azerbaycan saytından izləyirsiniz.

  Qonağımız hər iki Azərbaycanı öz varlığında birləşdirən, ruhu etibarilə ədəbiyyat, söz insanı, Berlində fəaliyyət göstərən Azərbaycan Kültür və Ədəbiyyat (İşıq yol) Dərnəyinin sədri, şair və naşir Şərifə xanım Cəfəridir.

  Öz studiyanıza xoş gəlmisiniz, Şərifə xanım. Çünki bura – Türkiyə ikinci vətənimiz olaraq azərbaycanlıların ən çox yaşadığı bir ölkədir. Siz özünüz də bir müddət Ankarada yaşamısınız. Amma əsliniz-kökünüz Cənubi Azərbaycanın gözəl təbiətə malik Miyana şəhərindəndir.

  Şuşadan başlayıram söhbətə. Niyə? Çünki təəssüratlarınızda demisiniz: “Hər dəfə Araz üzərindən o taydan bu taya – Cənubdan Şimala baxırdıq. Bu dəfə isə əksinə, bu tərəfdən o tərəfə baxdıq”. İstəyərdim ki, Şuşa üzərindən bütün Cənubi, Şimali Azərbaycan və Berlin fəaliyyətinizdən bəhs edəsiniz.

Şərifə Cəfəri (Berlin Azərbaycan Kültür və Ədəbiyyat (İşıq yol) Dərnəyinin sədri): Sizin proqramda olmağımdan çox şadam. Bütün burada çalışan qrupu da salamlayıram. Həssas mövzuya toxundunuz. Getməmişdən əvvəl də Şuşa üçün qəlbim çırpınırdı. Şuşa həsrətindəydim. Bütün milyonlarla azərbaycanlı kimi Şuşanı kəlimələrlə tərif eləmək olmaz. Qismət oldu, Şuşaya getdim. Bildim ki, bir şeyi ürəkdən istəsən, iliklərinlə, sevginlə istəsən, məncə, bu, olar və mənə isbat oldu.

  Şuşada olmaq həyatımda ölmədən öncə arzularımdan biriydi. Ora diaspora dostlarımızla avtobusla gedəndə dedilər: “Ay Şərifə xanım, Araz qırağıdır. Cənubi görmək istəyirsən?” Amma oradakı qaydalara görə avtobusu olmaz idi o yerdə saxlamaq.

Sevda Mirzə: 30 il ərzində ermənilər öz torpaqları olmadığını bildikləri üçün Qarabağı minalayıblar. O minalardan da gələn heyəti qorumaq üçün hər yerdə avtobusu saxlamağa icazə verilmir yəqin.

Şərifə Cəfəri: Doğrudur. Amma ürəyimdən keçən sözü dedim onda: “O zaman Cənubda olanda biz həsrətlə baxardıq Arazın o tayına. İndi də dostlarımız, bacı-qardaşlarımız deyirlər ki, istəyirsən o tayı görəsən bu taydan?” Qəribə hekayədir. İllərdir insanlarımız çəkib. Mən də onu yaşadım. Hər səfər Mədinə Gülgünün çəkdikləri, ürək xəstəlikləri, Hökumə Billurinin “Qollarım dolaşsın boynuna, Təbriz, yenə baş qoyaram dizinə, Təbriz” sözlərini oxuyarkən təsirlənərdim. Amma bu, mənim də tale hekayəmdə varmış: Arazın bu tayından Güneyin həsrətini çəkmək.

Sevda Mirzə: Siz Miyanada doğulmusunuz, amma əsas fəaliyyətiniz Tehranda olub. İranda Azərbaycan türkcəsində kitablar nəşr eləmisiniz ki, buna görə təqiblərə məruz qalmış, ölkədən didərgin düşmüsünüz.

  “Mən Türkiyədə özümü çox rahat hiss edirəm. Sanki ruhumu burada tapıram. Azərbaycan və Türkiyədən başqa, ruhumun sakitləşdiyi başqa şəhərlər yoxdur” deyirsiniz. Görünür, buna görədir ki, Berlində siz Azərbaycan Ədəbiyyat və Kültür Dərnəyini yaratdınız.

Şərifə Cəfəri: Həm də Azərbaycan Diasporasının İdarə Heyətindəyəm.

Sevda Mirzə: Berlindəki Azərbaycan Ədəbiyyat və Kültür Dərnəyiniz Tehranda yarımçıq qalmış işlərinizin davamı sayıla bilərmi, yoxsa bunlar tamamilə fərqli fəaliyyətlərdir?

Şərifə Cəfəri: Mənə elə gəlir, bizim ürək sözlərimiz o qədər çoxdur ki, hər birini istəsək, anladaq, uzun bir hekayə, böyük bir kitab olar. Türkiyə sevgisi, Şuşa eşqi - bunların hamısı qaynaqla bağlıdır. Ata-anadan, baba-nənədən gələn sevgi bizim də iliklərimizə qədər işləyib. Mən orta məktəbdən şeir yazmağa başlamışam, Azərbaycan türkcəsində və farsca. Bir divan farsca şeirlərim var. Amma yayınlamamışam.

Sevda Mirzə: Şəhriyarın yolunu getmisiniz, həm farsca, həm türkcə yazmısınız.

Şərifə Cəfəri: Azərbaycan türkcəsində kitablarımız və mətbuatımız yox idi ki, bizim geniş şəkildə Azərbaycan şeirinə, ədəbiyyatına əlimiz çatsın. Amma bizdə babadan, atadan gələn, varlığımızın qaynağı olan bir dil var idi ki, yaşadırdıq. Birinci dəfə ki, Fizulinin türkcə şeir divanını tapmışdım, evə qədər uçurdum. Ondan sonra başladım Azərbaycan türkcəsində şeir yazmağa. Əvvəl türkcə şeirləri mərsiyyə kitablarında görmək olurdu. Mən Füzulinin bu kitabını tapana qədər farsca şeirlər yazırdım. Azərbaycan türkcəsinə keçəndən sonra gördüm, yox, mənim ruhum bundadır və artıq farsca şeir yazmaq içimdən gəlmədi.

  Ədəbiyyat fakültəsini qazandım, Zəncan şəhərinə getdim, həm də televiziyada çalışdım. Redaktor və sonra rejissor oldum. “Yaşıl yapraq” adlı çox gözəl bir proqramımız var idi. Şairlər, ədəbiyyatşünaslardan gedib müsahibə alırdıq. Zəncanın cənnət kimi yerləri var ki, oralarda müsahibə götürürdük. Çox məktublar gəlirdi, təşəkkürlər yazırdılar. Bir proqramda ki Hökumə Billurinin adı keçdi qonaqların birinin dili ilə, xoşa gəlmədi və ondan sonra day verilişi əlimdən aldılar, arxivimi də sildilər. Özümün də burada bir hekayəli şeirim var idi. O da filmə çəkilmişdi. Arxivlərdən silindisə də, kiminsə özündə, evində, şəxsi arxivində qalır. Sonra “Pınar” yayın evini - nəşriyyatını açdım. Hətta yadımdadır, birinci nəşriyyata türkcə (Azərbaycanca) başlayanda ruhu şad olsun, rəhmətlik zəncanlı şair Abbas Babayinin kitabı ilə başladım. Həm Azərbaycan, həm farsca kitablar yayınladım. Cəsarətlə deyə bilərəm ki, birinci naşir idim eyni vaxtda yarı fars, yarı latın əlifbasında Azərbaycan türkcəsində kitablar çıxarırdım. Bu, bir yenilik oldu. Azərbaycan dilində olan şeirləri fars dilinə də tərcümə edib yayırdıq. Yavaş-yavaş oxucularımız çoxaldı. Və mən yenə birinci naşir idim ki, Tehranın, Kərəcin ətrafında özəl sərgilər qoydum çadırlar içində, parklar içində. Kitabların yarısı farsca, yarısı türkcə (Azərbaycanca) olurdu. Biz birinci olduq, nümunə olduq, indi artıq başqaları bu işləri görür. Sıxıntı çox çəkdik. Amma yenə bu yenilikləri edə bildik. Ondan sonra bu şəhərdən o şəhərə köç etdim: Zəncandan Kərəcə, Kərəcdən Tehrana. Mənim beynəlxalq sərgilərə qatılmağımın qarşısını aldılar. Özəl sərgi təşkil etməyə qoymadılar. Sonda da yayın evimi rəsmən ləğv etdilər. Belə çətinliklərə məruz qalandan sonra Türkiyəyə gəldim.

Sevda Mirzə: Türkiyəyə gəldikdən sonra deyəsən, burada təxminən 1 ilə yaxın yaşadınız.

Şərifə Cəfəri: Ankaraya gəlincə mən GünAzTv-də fəaliyyətə başladım, ədəbi proqramlar hazırladım. Bu dəfə ümumilikdə türk dünyasının şairləri var idi proqramda - Türkiyənin, Kərkükün, Əfqanıstan türklərinin. Belə geniş şəkildə proqram aparırıdım ta Almaniyaya gedənə qədər.

Sevda Mirzə: Almaniyaya gedəndən sonra da dinc qalmamısınız: orada da həm ədəbi, həm ictimai fəaliyyətinizi davam etdirmisiniz. Əvvəlcə mühacir olaraq sizi Hannofer şəhərində yerləşdirdilər. Sonra türkiyəlilərin, azərbaycanlıların, xüsusilə cənubi azərbaycanlıların daha çox məskunlaşdığı Berlinə keçdiniz. Az sonra orada Azərbaycan Kültür Dərnəyini yaratdınız. Bu dərnəkdə kimlər, hansı fəaliyyətləriniz var və nə qədər əhəmiyyətlidir?

Şərifə Cəfəri: Yenə onu deyim ki, Türkiyədə özümü həqiqətən qürbətdə hiss etmirəm. Düzdür, tam olduğum torpaq deyil, amma Ana Vətən deyirəm bura. O vaxt Türkiyədə 1 il 2 ay qaldım, sonra Almaniya dövləti tərəfindən mühacir olaraq alındıq, getdik. Hannoferdə 1 il yaşadım. Orada həm vətən həsrəti, həm Türkiyə həsrəti - bu səfər 2 vətənin həsrəti üst-üstə gəlmişdi. Türkiyənin oradakı dərnəklərinə, fəaliyyətlərinə qatılırdım. Şeir və ədəbiyyatla məşğul idim. Berlinə ilk dəfə rəhmətlik alim Cavad Heyətin qurultayına getmişdim çıxışçı kimi. Gördüm orada hər tərəf türklərdir, mağazaları, yeməklərinə qədər. Dedim: “Gərək, mən bura gələm”. Bir də, Berlin düz və genişdir. Ora getdiyim 2017-ci ildən fəaliyyətə başladım. Dərnək qurduq “İşıq yol” adında. Azərbaycan Kültür və Ədədbiyyat Dərnəyidir, qısa adı “İşıq yol”dur. Gələcəyə aydın, işıqlı yol anlamı daşıyan bu ad Zəncanda tələbəlik zamanı qurduğumuz “İşıq yol” dərnəyini təmsil edir. Orada çox gözəl alimlər, tələbələr var idi. Onu bağlamışdılar deyə ürəyimdə qalmışdı, o adı dirçəltmək, işıqlandırmaq üçün Berlində başladıq. Bu dərnəyə Türkiyədən, Quzey Azərbaycandan, Güney Azərbaycandan gəldilər. Ehtişamlı, təmtəraqlı açılışımız da oldu. Yaxşı proqram və planlarla davam etdi. Korona dövründə bir az durduq. Məqsədimiz mənəvi dəyərlərimizi Avropada canlandırmaqdır. Yeni gələnlərimizin dərdlərinə şərik oluruq, özlərinə yetişirik, varlığımız, tariximiz, ədəbiyyatımız üçün danışırıq. Almaniya yeni gələnlər üçün asan deyil, ona görə yardım etməyə çalışırıq. Ailə problemlərini belə orada danışırıq. Dərnəyimiz bizi bir yerə yığmaq üçün bir ocaqdır.  

Sevda Mirzə: Dərnəklər bir diaspora fəaliyyəti yerinə yetirir. Azərbaycan Dövlət Diaspora Komitəsi artıq cənublu, şimallı olmasından asılı olmayaraq bütün Azərbaycan dərnəkləri ilə maraqlanır. Nəticədə xaricdəki Azərbaycan dərnəklərinin fəal üzvlərini Şuşaya dəvət etdi, apardı. Siz də getdiniz. Qızınız Umayı da öz ruhunuzda böyütmüsünüz. O da Şuşaya getdi. Onun çıxışını da gördüm “facebook” səhifələrində. Deyirdi: “Anamdan, atamdan eşitdiyim bu Azərbaycanı, bu torpaqları gördüm”. O hisslərlə, duyğuları ilə ifadə etməyə çalışırdı. Onun sevinci sanki sizin sevincinizdən daha yüksək idi. Bəlkə ona görə ki, siz Miyana torpağında doğulmusunuz, olmusunuz, böyümüsünüz, amma qızınız Miyananın, Cənubi Azərbaycanın hekayələri ilə böyüyüb. Çünki “anam deyərdi” sözlərini necə də rəvayət şəklində işlədirdi. Şuşada o, Azərbaycan torpaqlarının bir qismində olduğu kimi özünü hiss etdi.

  Dünyanın harasına getsək, xüsusilə iki dəyərimizi özümüzlə daşıyırıq: biri ədviyyatlarımızdır, onlardan öz mətbəximizə xas yeməklərimizi hazırlayırıq, biri də musiqimizdir ki, onlarla da mənəvi qidalanırıq. Türkiyə İrana – Cənubi Azərbaycana hələ ki qayıda bilməyən azərbaycanlılar üçün bir körpü rolunu oynayır. Belə ki, həm İrandan, həm Avropadan, həm də başqa ölkələrdən gələn azərbaycanlılar öz qohumları ilə Azərbaycandan daha çox Türkiyədə görüşür. Bacılarınızla, qardaşlarınızla görüşərkən o Miyananın havasını burada onlardan alırsınız. Siz Avropaya qayıdanda baxıram ki, nələrdən danışırsınız: kəllə qənd götürdüm, Azərbaycan çayı götürdüm, Azərbaycan düyüsü – Miyana düyüsü götürdüm. Bəzən biz mətbəx deyib keçirik, amma bizim milli ruhumuzun qoruyucularından biridir milli mətbəx.

  Əlbəttə ki, qürbətdə yaşamaq çox çətindir. Yaxın gələcəkdə yəqin ki, ya Türkiyə, ya Azərbaycana qayırmaq istəyərsiniz. Amma onu bilirəm ki, sizin kimi ictimaiyyətçi xanımlar dünyanın harasına getsələr, öz azərbaycanlılıqlarını hər yerdə qoruyurlar, yaşadırlar.

  Şərifə xanım, siz şairsiniz və proqrama gəlib bir şeir oxumamaq olmaz.

Şərifə Cəfəri: Türkiyə həqiqətən bizim üçün çox önəmlidir. Ailələrimizi gəlib burada görürük. Sanki bura bizim ata ocağımızdır. Ona görə türk olmaqdan, böyük bir türk dünyasına məxsusluğumuzdan qürur duyuram. Gün o gün olsun, böyük türk dünyamız - Turanımız qurulsun.

  Türkiyəyə gələndə ruhum o qədər xoş olur ki, heç getmək istəmirəm. Qismət olsa, Allahdan arzu edirəm, məni qaytarsın öz torpaqlarımıza. Əsasən Vətənlə bağlı şeirlər yazıram, amma indi 1-2 sevgi şeiri oxumaq istəyirəm. Ürəyim çox sevgi doludur.

Sevda Mirzə: Siz şeirinizi seçənə qədər mən tamaşaçılara, oxuculara məlumat verim ki, Şərifə xanımla bizim tanışlığımız təxminən 20 illik məsafəyə gedib çıxır. Mən Azərbaycanda İctimai Televiziyada Cənubi Azərbaycanla bağlı “Körpü” proqramının aparıcısı ikən Şərifə xanım telekanala məktublar yazırdı, mütləq mənimlə tanış olmağı istəmişdi. Maraqlıdır ki, o zaman belə ilk görüş yerimiz Ankara oldu.

Şərifə Cəfəri: Mən hər zaman ziyalı insanların izindəyəm ki, onlarla görüşüm, dostlarla söhbət edim, bir dərnəyə gedim. Təbii ki, sizin kimi insanla tanış olmamaq olmazdı. “Körpü” proqramı İranda elə səs salmışdı ki, hər kəs ondan deyirdi, sevirdi və mən də sizinlə tanış olmaq istədim. Çox şükür ki, bu günə qədər davam edir və ümid edirəm ki, ömür boyu da belə sürər.  

  Mən yağışı çox sevirəm. Yağış mənim ruhumu oxşayır. Ankaraya gəldim, isti havada ki yağışı gördüm, ona bir şeir yazdım.

Bəlkə mənim üçün yağır bu yağış,

İstəyir özümü yadıma salsın.

Dürtür əlləriylə damlalar məni,

Çətrimin damında həyatımın səsi.

Necə də xoş gəlir qulaqlarıma

Yağış simfoniyası, yaşam nəğməsi.

Tanrı sevgisidir, yağır başıma.

Yenə də məhəbbət, yenə də sevgi

Dolur ürəyimə, iliklərimə.

Açıb qollarımı uçmağım gəlir.

Sən burda olsaydın, olsaydıən kaş ki...

Sevda Mirzə: Çox gözəl. Bir şeir də istəyərdik.

Şərifə Cəfəri: Onda bir dördlük oxuyum.

Gəz, məndən uzaq olsun,

Vur, könlümə dağ olsun,

Tən səndən iraq olsun,

Sən məndə yaşayırsan.

Sən pir ilə peymanəm,

Mey nəşəsi, meyxanəm,

Canım içi, bir dənəm,

Sən məndə yaşayırsan.

Qürbətdə könül sərxoş,

Dindir məni, coşdur, coş,

Yorma özünü boş-boş,

Sən məndə yaşayırsan.

Tapdım səni, la oldum,

(La - dünyadan tərk olmaq anlamında.)

Eşqinlə cəla oldum,

Mən cümlə-bəla oldum,

Sən məndə yaşayırsan.

Dəm xoşdu, inad etmə,

Keçmişləri yad etmə,

Yarınlara vəd etmə,

Sən məndə yaşayırsan.

Qoy dalğalanım səndə,

Yol ver, talanım səndə,

Çıxsın bu canım səndə,

Sən məndə yaşayırsan.

Ya söylə ölüm sənsiz,

Yerdən üzülüm sənsiz,

Mən yoxam, gülüm, sənsiz,

Sən məndə yaşayırsan.

Sevda Mirzə: Vətəndən çıxsanız da, vətən, yurd, dil szidədir. Şairlər dilimizin əsas qoruyucularıdır. Cənubi Azərbaycanda dilin, mədəniyyətin qoruyucuları saz-söz adamlarıdır. Yaxşı ki varsınız, yaxşı ki ana dili, Azərbaycan türkcəsi qorunur. Qorunmasaydı, İranda – Cənubi Azərbaycanda 40 milyon azərbaycanlı da qoruna bilməzdi.

Şərifə Cəfəri: Dili qorumaq bizim vəzifəmizdir. Şükürlər olsun, Şimali Azərbaycanda qorumağa bütün imkanlar var. Cənubi Azərbaycanda isə biz qoruyuruq. Kökümüz çox dərindir. Bilirsiniz ki, bir zamanlar İranda dil məsələsi daha çətin idi. Yazı yox, ancaq danışmaqla, dildən dilə gələn ağız ədəbiyyatı ilə babalardan qaldı dilimiz. Bu şəkildə dilimizi yaşatdıq, yaşadırıq. Milli vəzifəmizdir. Şükürlər olsun, o qədər köklü bir millətik, varlığıq ki, bu da bais olub dilimiz bizim dünyamızda, parlaq ədəbiyyatımızda böyük bir yer alıb.

Sevda Mirzə: Azərbaycan xalqı Azərbaycan adlı coğrafiyanın yerli-köklü, yəni aboregen xalqıdır. Ona görə də mədəniyyətimizin yaşı gedib min illiklərə çıxır. Türk dünyası Yer kürəsinin bir kəməridir. Dünyaya barışı gətirən türklərdir və türklər də olacaq.     



Әlaqәli Xәbәrlәr