Dünyanın əllə qazılmış ən böyük tuneli - Vespasian-Titus

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə dünyanın əllə qazılmış ən böyük tuneli Vespasian-Titusdan (Vespasyanus-Titus) və qısaca ondan təxminən 100 metr aralıdakı Beşikli mağarasından danışırıq

1894809
Dünyanın əllə qazılmış ən böyük tuneli - Vespasian-Titus

Dünyanın əllə qazılmış ən böyük tuneli - Vespasian-Titus

 

  Anadolu coğrafiyasında rastlaşdığımız su strukturlarının hər biri digərindən daha maraqlı və hər biri sanki bir şah əsərdir. Bu torpaqlarda su işləri heyrətamiz nümunələrlə doludur. Anadolunun qucaqladığı bütün mədəniyyətlər su ilə bağlı texnologiya, memarlıq və mühəndislik işlərini göz önünə sərir. Fəvvarələr, su kanalları, sisternlər, hamamlar, körpülər – bunların hər birində zərif zövqün əksini görmək mümkündür. Bu tikinti işləri bu gün belə hətta mühəndisləri belə heyrətləndirir. O qədər həssas hesablamalar, incə detallar və uzaqgörənlik var ki bu abidələrdə. Bunlardan biri dövrünün meqa layihəsi adlandırıla bilən tuneldir.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda yerləşən, qədim mühəndisliyin monumental nümunəsi sayılan, 2 min il yaşı olan, dünyanın əllə qazılmış ən böyük tuneli Vespasian-Titusdan (Vespasyanus-Titus) və qısaca ondan təxminən 100 metr aralıdakı Beşikli mağarasından danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

  Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda yerləşən Vespasian-Titus tuneli görənləri həm heyran edir, həm də təəccübləndirir. Tunel Roma legionunun minlərlə qulu və əsgərinin dağı bıçaq və çəkic kimi sadə kəsici alətlərdən istifadə edilərək əllə qazılıb. Bəli, düz eşitdiniz, kiçik alətlərlə böyük bir dağı dəlmək.  

  Selevkiya Piyeriya (Seleukeia Pieria) Roma dövründə Şərqi Aralıq dənizinin iki böyük liman şəhərindən biri idi. Roma imperatoru Vespasianın dövründə şəhər sel fəlakəti ilə üzləşdi. Daşqınlar təkcə həyat üçün təhlükəli deyildi, həm də qum-çınqıl daşıyan və limanı dolduran sel suları idi. İmperator Vespasian fəlakətdən sonra bu problemləri həll etmək istədi. “Kanal açmaqla sel sularına nəzarət etmək” kimi dövrünün ilk və ən böyük tikinti layihəsi ideyası belə yarandı. Qullar əllərində bel və kürəklə işə başladı. Lakin kanalın yolunda Musa dağını qazmaq kimi böyük bir iş var idi. Çılğın bir fikir kimi səslənir, amma qullara çəkic və kəsici alətlər verildi və suyun axdığı dağın arasından tunel qazmaq əmr edildi. Təbii ki, imperator Vespasianın ömrü bu tunelin bitməsinə çata bilməzdi. Onun varis oğlu Titus işi sürdürdü. Tunelin tikintisi başa çatdıqda hündürlüyü iki mərtəbəli ev boyda və uzunluğu 1,5 kilometrə yaxın bir tikili ortaya çıxdı. Ancaq sadə əl alətlərindən istifadə etməklə bu ölçüdə bir dağı qazımaq dövrünə görə görünməmiş bir hadisə idi.

  Tikintisi bir əsrə yaxın sürmüş Vespasian-Titus tuneli dünyada əllə salınmış ən böyük tunel olaraq UNESCO-nun Ümumdünya Mirası Siyahısına daxil edilib.

  Vespasian-Titus tuneli 2 min il əvvəlin meqa layihələrindən biri və antik dövrün mühəndislik möcüzəsidir. Çünki tunel təkcə qayaya oyulmuş su kanalları, körpüləri və sisternləri ilə Selevkiya Pyeriya şəhərini daşqınlardan qoruyan monumental bir əsərdir.

  Dağı ikiyə bölmüş kimi görünən tuneldə insan qəribə duyğular yaşayır. Özünü səmaya doğru uzanan pəncərəsiz divarlar arasında hiss edirsən. Vespasian-Titus tunelində antik dövrə səyahət edirsən, 2 min il əvvəl burada işləyən adamların, çəkic və kəsici alətlərin səsi gəlir qulağına. Yalnız əllər və sadə alətlərdən istifadə edərək inanılmaz bir tunel yaradan insanları yad etmədən keçmək olmur buradan.

  Vespasian-Titus tunelindən təxminən 100 metr aralıda görməyə dəyən bir yer də var. Beşikli mağarası tamamilə qayaya oyulmuş bir türbə kompleksidir. İçərisində 12 qəbir var. Bu gün bu mağara dağılmış olsa da, sütunları, memarlığı və tavan bəzəyi ilə diqqəti çəkməyə davam edir.



Әlaqәli Xәbәrlәr