“Kuru fasulye” yeməyi necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən “kuru fasulye”ni təqdim edirik.

1148890
“Kuru fasulye” yeməyi necə hazırlanır?

 

  Azərbaycan dilində “lobya” dediyimiz, Türkiyə türkcəsində “fasulye” adlanan lobya qədim dövrlərdən dünyanın çox yerində bişirilən bir paxla bitkisidir. Cənubi Amerikadan Uzaq Şərqə, Afrikadan Avropaya qədər geniş bir coğrafiyada yetişir, bişirilir, zövqə görə, plov və ya plovsuz yeyilir.

  Türkiyə mətbəxində ətlə birlikdə bişirilən və sulu xörək sayılan quru lobya yeməyi, yəni “kuru fasulye” məhşurdur və demək olar ki, hər kəs tərəfindən sevilir.

  Beləliklə, Türkiyə mətbəxinə daxil olmuş və milliləşmiş lobyalı yeməyi – “kuru fasulye”ni bu gün sizə təqdim edirik.

  Ətli “kuru fasulye” bişirmək üçün bizə hansı nələr lazımdır?

  • 2 su stəkanı quru lobya,
  • 1 ədəd xırda doğranmış soğan,
  • 2 yemək qaşığı pomidor tomatı,
  • 2 yemək qaşığı kərə yağı,
  • 250 qram xırda (quşbaşı) doğranmış ət,
  • 2 ədəd şirin yaşıl bibər,
  • 1 çay qaşığı duz,
  • yarım (1/2) çay qaşığı qırmızı toz bibər,
  • 6-7 stəkan qaynar su.

  İndi başlayaq Türkiyə mətbəxinin "kuru fasulye" yeməyini bişirməyə.

  İlk olaraq quru lobyaları ən az 8 saat suda saxlamaq lazımdır ki, bie az yumşalsın. Lobya kifayət qədər qabardıqdan sonra yuyun və süzün. Qazanda bol suda qaynadın, suyun üzünə çıxan köpükləri kəfgirlə yığın. Lobya bişdikdən sonra suyunu yenidən süzün, qalsın kənarda.

  İndi bir tavaya yağ atıb isidin, içinə doğradığınız quru soğan, yaşıl bibər və bir az qovurduqdan sonra xırda doğranmış ətləri əlavə edin. Onları birlikdə qovurduqdan sonra isə üzərinə tomat tökün, qarışdıraraq bir neçə dəqiqə qovurun.

  Ətin yaxşı bişməsi üçün qazanın üzərinə çıxacaq qədər qaynar su əlavə edin. Elə ki, yeməyin suyu yaxşıca qaynamağa başladı, bir az əvvəl bişirdiyiniz və pörtmüş quru lobyaları içinə tökün, duz və qırmızı istiot da əlavə edin, bişsin. Ət və lobyanı rahat həzm edilə biləcək qədər, yumşalana kimi bişirin.

  Artıq “kuru fasulye” yeməyi hazırdır: yanında bir az plov və turşu ilə birlikdə süfrəyə gətirə bilərsiniz. Nuş olsun. 



Әlaqәli Xәbәrlәr