Husilər: "ABŞ-a məxsus döyüş gəmisini vurduq"

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-a məxsus döyüş gəmisini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini bildiriblər.

2093094
Husilər: "ABŞ-a məxsus döyüş gəmisini vurduq"

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-a məxsus döyüş gəmisini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini bildiriblər.
Husilərin hərbi sözçüsü Yəhya Seri həm Qəzzaya dəstək, həm də ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olaraq Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ döyüş gəmiləri ilə aralarında toqquşmaların olduğunu irəli sürüb. 

Bölgədə ticarət gəmilərini qoruyan ABŞ döyüş gəmiləri ilə qarşıdurmanın 2 saatdan çox davam etdiyini bildirən Y.Seri "ABŞ döyüş gəmilərindən birini vurduq və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdik" deyib.

Hücumları ballistik raketlərlə həyata keçirdiklərini vurğulayan Y.Seri ABŞ döyüş gəmilərinin müqavimət göstərmə cəhdlərinə baxmayaraq, raketlərin bir hissəsinin hədəflərinə çatdığını iddia edib.

Yəhya Seri Qırmızı dənizdə hücumlarına davam edəcəklərini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin yerli vaxtla saat 14:00 radələrində Ədən körfəzində üzən ABŞ bayraqlı ticarət yük gəmisinə doğru 3 gəmi əleyhinə ballistik raket atdığını açıqlayıb.

CENTCOM raketlərdən ikisinin "USS Gravely" hərbi gəmisi tərəfindən zərərsizləşdirildiyini, digərinin isə dənizə düşdüyünü bildirib.

Qeyd edək ki, İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildə Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini müsadirə etməyə, bəzilərinə isə dron və raketlərlə hücum etməyə başlayıblar. 

ABŞ qüvvələri bu prosesdə dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səfərlərini dayandırmaq qərarına gəlib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirərək Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr