Husilər Ədən körfəzində ABŞ-a məxsus yük gəmisini raketlərlə vurublar

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ-a məxsus yük gəmisini gəmi əleyhinə raketlərlə vurduqlarını, ABŞ və Böyük Britaniya qüvvələrinin isə ...

2092168
Husilər Ədən körfəzində ABŞ-a məxsus yük gəmisini raketlərlə vurublar

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ-a məxsus yük gəmisini gəmi əleyhinə raketlərlə vurduqlarını, ABŞ və Böyük Britaniya qüvvələrinin isə paytaxt Sənaya hava hücumu təşkil etdiyini açıqlayıb.
Husilərin Hərbi Sözçüsü Yəhya Seri "Al-Masirah" telekanalına verdiyi açıqlamada husilərə bağlı dəniz qüvvələrinin Ədən körfəzində ABŞ-ın OCEAN JAZZ yük gəmisini gəmi əleyhinə raketlərlə hədəfə aldığını bildirib.

Yəhya Seri həmin hücumun Fələstin xalqını dəstəkləmək və ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək üçün edildiyini bildirib.

"ABŞ və Böyük Britaniyanın hücumlarına mütləq cavab veriləcək. Hər hansı yeni hücum cavabsız və cəzasız qalmayacaq" deyə bildirən Y.Seri Qəzzada hücumlar və blokada qaldırılana qədər İsrailə məxsus və ya İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəklərini vurğulayıb.

Yəhya Seri ABŞ və İngiltərənin Yəmənə qarşı istənilən hücumuna Qırmızı dəniz və Oman dənizindəki bütün təhdid elementlərini hədəf alaraq cavab verəcəklərini qeyd edib.

Bu arada husilərin "Ensarullah" internet saytındakı son xəbərdə “ABŞ-İngiltərə qüvvələrinin paytaxt Səna və bəzi vilayətlərə hava hücumu təşkil etdiyi” bildirilib.

“Bu hava zərbələrindən dördü Sənadakı əd-Dəyləmi aviabazasını, digər dördü isə əl-Hafa bölgəsini hədəfə alıb”, - məlumatda deyilib. 

Husilərin "Al-Masirah" telekanalının xəbərində də ABŞ-Böyük Britaniya döyüş təyyarələrinin Taiz şəhərində iki, Əl-Beyza şəhərində isə bir hədəfi vurduğu bildirilib.

Digər tərəfdən, bir çox yəmənli ABŞ və İngiltərənin həyata keçirdiyi hücumlara etiraz edib.

Minlərlə silahlı yəmənli paytaxt Sənanın şimalında yerləşən Beni Huseyş bölgəsində toplaşaraq, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına etiraz edərək, yüngül və ağır silahlarla parad keçirib. Yəmənlilər ABŞ, İngiltərə və İsrail əleyhinə şüarlar səsləndirərək, Yəmən və Fələstin bayraqları daşıyaraq Fələstin müqavimətinə dəstək verməyə davam edəcəklərini vurğulayıblar.

ABŞ və Böyük Britaniya da Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirdikləri hava əməliyyatı çərçivəsində Yəməndə husilərin 8 hədəfini vurduqlarını açıqlayıb.

İngiltərə Müdafiə Nazirliyinin dərc etdiyi birgə bəyanatda ABŞ və Böyük Britaniya silahlı qüvvələrinə aid güclərin digər 4 ölkənin də dəstəyi ilə Qırmızı dənizdəki ticarət gəmilərini hədəf alan Yəməndəki husilərə aid bəzi nöqtələri vurduğu bildirilib. 

Birgə bəyanatda hava hücumlarının husilərin ticarət gəmiçiliyinə və dolayısı ilə qlobal ticarətə qarşı təhdidlərini aradan qaldırmaq üçün həyata keçirildiyi ifadə edilərək, husilərin də 11 yanvardan bəridir koalisiya gəmilərinə ballistik raket hücumları və ABŞ-ın ticarət gəmilərinə pilotsuz uçuş aparatlarının hücumları təşkil edildiyi qeyd edilib. 

“Son (əks) hücum xüsusi olaraq husilərin yeraltı anbar sahəsini və onların raket və hava nəzarəti imkanları ilə əlaqəli yerləri hədəf alıb”, - deyə məlumatda bildirilib. Vurulan hədəflərin sayının isə 8 olduğu qeyd edilib.

İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrda İsrail şirkətlərinə bağlı olduqlarını söylədiklərinə görə Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə isə pilotsuz təyyarələrlə hücum etməyə başladılar.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr