İsrail Qəzzanı bombalamağa davam edir

Qəzzaya hücumlarını davam etdirən İsrail "Tam hücuma başlayırıq" bəyanatı verdi. (YENİLƏNİB)

2049107
İsrail Qəzzanı bombalamağa davam edir

İsrail gecə boyu Qəzzanı bombalamağa davam edib. Mühasirəyə salınan şəhərdə nə işıq, nə su, nə qaz var. Fələstin Qəzzaya qida və tibbi yardım üçün “təhlükəsiz dəhliz” yaratmağa çağırıb.

İsrailin müdafiə naziri Yoav Qallant "Bütün məhdudiyyətləri aradan qaldırdım. İndi tam hücuma keçirik" deyib. O bildirib ki, Qəzza "heç vaxt əvvəlki kimi olmayacaq".

Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə "İşğalçı İsrail fələstinlilərə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfordan istifadə edir" deyilib.

İsrailin Qəzzanın şimalındakı Kerame bölgəsində fosfor bombasından istifadə etdiyi bildirilib.

Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hava hücumu nəticəsində bölgədə bir çox bina dağıdılıb.

Şəhərin qərbində yerləşən Məcmai Ənsar bölgəsində güclü tüstü qalxıb.

Qəzzada Mülki Müdafiə Müdirliyi, İsrailin bombardmanları nəticəsində dağılan evlərin sayına görə işçi qruplarının qeyri-kafi olduğunu açıqlayıb.

Hava hücumlarına məruz qalan ərazinin sakinləri şəhərin mərkəzinə sığınıblar.

137 mindən çox fələstinli Birləşmiş Millətlər Təşkilatının Qəzza zolağındakı məktəblərinə sığınıb.

Birləşmiş Millətlər Təşkilatı İsrailin Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid bir məktəbi "birbaşa" hədəfə aldığını açıqlayıb.

İsrail donanmasına məxsus hücum qayıqları yaşayış məntəqələrini hədəfə alır. Qəzza sərhədində ordunun yığılması diqqət çəkir.

Hava zərbələri nəticəsində xarabalıq şəhərə çevrilən Qəzzada elektrik və su kəsilib, qida girişi dayandırılıb.
Fələstin Qəzzaya qida və tibbi yardım üçün “təhlükəsiz dəhliz” açılmasını istəyib, davam edən humanitar böhrana diqqət çəkib.

"Həmas"ın liderlərindən olan Talal Nassar müharibə şəraiti səbəbindən əsir götürülən israilli məhbusların işgəncələrə məruz qalması və ya öldürülməsi ilə bağlı iddiaları təkzib edib.

Nassar "Müqavimətin israilli məhbusları öldürməsi və ya onlara işgəncə verməsi mümkün deyil. Əlləri qanlı əsl cinayətkarlar faktları təhrif edən işğalçılardır. Müqavimət qüvvələri məhbuslarla bütün humanist üsullarla rəftar edir" deyib.

İsrailin hücumlarında 260-ı uşaq olmaqla 950 nəfər həyatını itirib

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 260-ı uşaq, 200-ü qadın olmaqla 950 nəfərin həyatını itirdiyini, 5000 nəfərin isə yaralandığını açıqlayıb.

İsrailin hücumlarında 150 nəfərdən ibarət 22 fələstinli ailənin tamamilə qətlə yetirildiyi bildirilib.

İsrailin tibb işçilərinin də hədəf aldığına diqqət çəkilən açıqlamada indiyədək 6 tibb işçisinin öldüyü, 15-nin yaralandığı qeyd edilib.

Qəzzada hökumətin mətbuat xidməti İsrailin hücumları nəticəsində 8 jurnalistin həyatını itirdiyini, 10 jurnalistin yaralandığını, 2 jurnalistin isə itkin düşdüyünü bildirib.

İsrail ordusu Qəzza zolağında İslam Universitetinə də hava hücumu həyata keçirib.

Güclü bombardmanlar nəticəsində İslam Universitetinin şəhərciyindəki binalar dağıdılıb.

Mühasirəyə alınmış Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 1200-ü keçdiyi bildirilib.

"Yedioth Ahronoth" qəzetinin İsrail rəsmilərinə əsaslanan xəbərində “Həmas”ın hərbi qanadı Qəssam Briqadalarının blokada altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı "Əqsa tufanı" hücumunda ölənlərin sayının aktual məlumatlara görə 1200-dən çox olduğu ifadə edilib.

Xəbərdə "Həmas"ın hücumlar zamanı əsir götürdüyü israillilərin sayının 200-dən çox olduğu bildirilib.

İsrail ordusu şənbə səhərindən bəri öldürülən əsgərlərinin sayının 169 olduğunu açıqlayıb.

İsrail ordusundan verilən açıqlamada "Həmas"ın Qəzza zolağında 2329 hədəfi vurarkən İsrailə 4500 raket atdığı da qeyd edilib.

İşğal altındakı İordan çayının qərb sahilində də gərginlik yüksəkdir.

Tubas bölgəsində İsrail əsgərləri ilə fələstinlilər arasında silahlı qarşıdurma baş verib.

İsrail əsgərlərinin İordan çayının qərb sahilində təşkil etdiyi hücumlarda 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin yaralandığı açıqlanıb.



Әlaqәli Xәbәrlәr