Gürcüstan “Xarici təsirin şəffaflığı haqqında”

İ.Kobaxidze hakim Gürcü Arzusu Partiyasının apreldə parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təsdiqi prosesi ilə bağlı açıqlama verərək deyib ...

2138717
Gürcüstan “Xarici təsirin şəffaflığı haqqında”

 

  Gürcüstanın baş naziri İrakli Kobaxidze etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdə səsvermə keçiriləcəyini açıqlayıb.

  İ.Kobaxidze hakim Gürcü Arzusu Partiyasının apreldə parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təsdiqi prosesi ilə bağlı açıqlama verərək deyib: “Müxalif nümayişlərə baxmayaraq, bu qanun layihəsini qanuna çevirməkdə qərarlıyıq. Sosioloji araşdırmalara görə, əhalinin 80 faizindən çoxu qeyri-hökumət təşkilatlarının şəffaflığını, 60 faizdən çoxu isə sözügedən mövzu ilə bağlı qanun layihəsini dəstəkləyir.

  Mayın 13-14 tarixlərində parlament iclas keçirəcək və cəmiyyətin əksəriyyətinin dəstəklədiyi qanun layihəsinə üçüncü və yekun səsvermə olacaq.

  Müxalifət indiyədək məsələ ilə bağlı konstruktiv və ətraflı müzakirələrdən yayındı.

  Lanun layihəsinin beynəlxalq tərəfdaşlarla müzakirəsinə açıqdır”.  

  Qanun layihəsinə qarşı davam edən nümayişlərə də toxunan Kobaxidze bildirib: “Bəzi nümayişçilər zorakılıq aksiyaları niyyətindədir. Bizdə olan məlumata görə, radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən zorakı gənc qruplar Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq aktları törətməyi planlaşdırır.

  Gürcüstan suveren və müstəqil dövlətdir. Polis mümkün zorakılıq aktlarına cavab verəcək.

  Ölkənin baş nazirindən sonra bəyanatla çıxış edən prezident Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə bir daha etiraz etdiyini söyləyib. Qanun layihəsini “Rusiya qanunu” kimi xarakterizə edən Zurabişvili qanuna çevriləcəyi təqdirdə ona veto qoyacağını bildirib.

  Qeyd edək ki, aprelin 17-də parlamentdə birinci, mayın 1-də isə ikinci səsvermədən keçən qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdə üç dəfə təsdiqlənməsi lazımdır.

  Prezidentin veto qərarını aşmaq üçün iqtidar partiyası parlamentdə çoxluğa malikdir.

  Gürcüstanda sözügedən qanun layihəsinə etirazlar bir aya yaxındır ki, davam edir. Qanun layihəsində nəzərdə tutulub ki, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alaraq yaradılan təşkilatlar “Xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyatdan keçməlidir, əks halda, cərimələr ödənilməlidir.

  “Çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəmirlər”, bu sözləri Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib. O bildirib ki, xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq bəzi xarici ölkələrin maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, Milli Demokratiyaya Dəstək Fondunu gizli şəkildə maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər.

  Qeyd edək ki, bir müddət əvvəl ABŞ Konqresi Gürcüstanın Baş nazirini hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini, gürcü xalqının hüquq və azadlıqlarını pozan digər təşəbbüsləri geri götürməyəcəyi təqdirdə, Belarus tipli sanksiyalarla hədələyib.

  Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə parlament binası qarşısında və ətraf küçələrdə keçirilən mitinqin təşkilatçılarına və iştirakçılarına müraciət edib. Nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa çağırıb.

  Bildirilib ki, əks halda, polis qanuni səlahiyyətləri çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək.

  Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən insanlar mayın 12-dən növbəti mitinq təşkil ediblər. Onlar mayın 13-də səhər saatlarında Hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektində parlamentə gediblər və orada gecələyiblər.

  Bütün gecə boyu davam edən aksiyalar zamanı polis parlamentin binası qarşısında 2 nəfəri saxlayıb. Parlamentin yaxınlığındakı Çiçinadze küçısində isə polis asayişi pozmağa çalışan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılar polisə qarşı dəmir, şüşə və digər əşyalarla xəsarət yetirməyə cəhd ediblər.

  Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, ölkə müxalifəti, ABŞ və Qərb diplomatları onun əleyhinə çıxış edirlər. Onlar qanunun Avropa İttifaqına inteqrasiyata maneə olduğunu iddia edirlər.

  Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının liderləri isə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir.



Әlaqәli Xәbәrlәr