Türkiyə mətbuatı: 29 avqust 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi
''Sabah'': Türkiyə İsrailin İordan çayının qərb sahilində başlatdığı qeyri-qanuni əməliyyata reaksiya verdi
Türkiyə İsrailin İordan çayının qərb sahilində başlatdığı qeyri-qanuni əməliyyatı və İsrail xarici işlər naziri Yisrael Katzın İordan çayının qərb sahili ilə bağlı açıqlamasını qınayıb.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "İsrailin İordan çayının qərb sahilində başlatdığı qeyri-qanuni əməliyyatı və İsrail xarici işlər nazirinin İordan çayının qərb sahili ilə bağlı açıqlamasını qınayırıq.Beynəlxalq hüquqa məhəl qoymayan İsrailin bu hərəkətlərinə qarşı lazımi tədbirlər görülməlidir''.
''Yeni Şafak'': Ömer Çelik Yisrael Katza reaksiya verdi
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrailin xarici işlər naziri Yisrael Katzın "Qəzzada olduğu kimi, İordan çayının qərb sahilində yaşayanlar da kütləvi şəkildə köçkün vəziyyətinə düşməlidir'' açıqlamasına reaksiya verərək deyib:“Bu şəbəkə dayandırılmadıqca, insanlar təhlükə altındadır”.
''Star'': 6 ölkə Türkiyəni seçdi
''The Eurasian Times'' qəzeti İslam ölkələrinin müdafiə sənayesi məhsullarının tədarükü mövzusunda ABŞ əvəzinə Türkiyəni seçdiyini bildirib. Məlumatda Pakistan, İndoneziya, Malayziya, Azərbaycan, Maldiv adaları və Səudiyyə Ərəbistanının silah tədarükü mövzusunda Ankaraya ehtiyacı olduğu vurğulanıb.
''Hürriyet'': Türkiyənin vergi rekordçuları bəlli oldu
Türkiyənin 2023-cü il gəlir vergisi rekordçusu ''Baykar'' şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktardır. ''Baykar'' şirkətinin baş direktoru Haluk Bayraktar isə ikinci yerdə qərarlaşıb.
''Haber Türk'': Salda Gölü Dünya Geoloji İrs siyahısına daxil edilib
Beynəlxalq Geologiya Elmləri Birliyi iki ildən bir hazırladığı “100 Geoloji İrs” siyahısını açıqlayıb.
Məlumata görə, Burdurun Yeşilova rayonunda yerləşən Salda gölü birliyin 2024-cü il üçün hazırladığı siyahıya daxil edilib.
Firuzəyi suyu, ağ çimərlikləri və geoloji quruluşu ilə diqqət çəkən Salda gölü hər il minlərlə yerli və xarici turistə ev sahibliyi edir.
Qeyd edək ki, Salda gölü dünyanın ən mühüm 100 geoloji irsindən biri kimi siyahıya daxil edilib.