Türkiyə mətbuatı:9 avqust 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi
''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''İsrail atəşkəsin təmin olunmasını istəmir''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşüb. Rəcəb Tayyib Ərdoğan görüşdə İsrailin ''Həmas'' Siyasi Bürosunun sədri İsmayıl Haniyəni öldürərək bir daha atəşkəsin təmin olunmasını istəmədiyini nümayiş etdirdiyini bildirib. Türkiyənin bölgədə daimi sülh və əmin-amanlığın bərqərar olması üçün səylərini davam etdirdiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan Qətərlə birlikdə məhsuldar səyləri artırmaq niyyətində olduqlarını vurğulayıb.
''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan və Edi Rama ikitərəfli münasibətləri müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Albaniya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, ticarət, iqtisadi, hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın atılacaq addımlarla daha da gücləndiriləcəyini bildirib.
''Sabah'': Mərkəzi Bankın ehtiyatlarında artım davam edir
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ehtiyatları avqust ayının 2-ci həftəsində 2 milyard 375 milyon dollar artaraq 150 milyard 386 milyon dollara çatıb.
''Star'': Yunanıstan mətbuatı ''Polad günbəz”i geniş işıqlandırıb
Yunanıstan media orqanları Türkiyənin çox qatlı və süni intellektə malik ''Polad Günbəz''ni geniş işıqlandırıb. Türkiyə müdafiə sənayesindəki inkişafın davam etdiyini vurğulayan yunan mediası xəbərdə “Türkiyə səmasında quş belə uçmaz” ifadələrinə yer verib.
''Haber Türk'': Efes Antik Şəhəri ilin ilk 7 ayında ən çox ziyarətçi qəbul edən muzeydir
İzmirin Səlcuq rayonunda yerləşən Efes Antik Şəhərini yanvar-iyul ayları arasında 1 milyon 444 min 405 turist ziyarət edib. Beləliklə, Efes Antik Şəhəri ilin ilk 7 ayında Türkiyədə ən çox ziyarətçiyə ev sahibliyi edən muzey oldu.
Әlaqәli Xәbәrlәr
Türkiyə mətbuatı, 6 sentyabr 2024
“Vatan”, “Haber Türk”, “Sabah”, “Hürriyet” və “Star” nələrdən yazır?