"Türk dünyası olaraq Qəzza ilə bağlı sərt mövqe tutmalıyıq", R.T.Ərdoğan

R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı münasibətilə olduğu Qırğızıstanda iki ölkə arasında müqavilələrin imzalanması mərasimindən sonra həmkarı Sadır Çaparovla birgə mətbuat konfransı keçirib

2206991
"Türk dünyası olaraq Qəzza ilə bağlı sərt mövqe tutmalıyıq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk dünyası olaraq Qəzzada yaşanan insan faciəsinə qarşı sərt mövqe nümayiş etdirməliyik" deyib.

  R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı münasibətilə olduğu Qırğızıstanda iki ölkə arasında müqavilələrin imzalanması mərasimindən sonra həmkarı Sadır Çaparovla birgə mətbuat konfransı keçirib.

  İki ölkə arasında təhlükəsizlik, enerji, təhsil, səhiyyə və mədəniyyət kimi bir çox sahədə 19 müqavilə imzalandığını, Bişkekdə TİKA (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən tikilib təchiz edilmiş Qırğızıstan Türk Dostluq Dövlət Xəstəxanasını açdıqlarını bildirən Türkiyə prezidenti deyib: "Qardaş qırğız xalqının rifahının yüksəldilməsi üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik. Həmkarım Çaparovla qlobal və regional mövzularda fikir mübadiləsi apardıq.

  İsrailin işğal etdiyi Fələstin torpaqlarında, xüsusilə Qəzza və Livanda törətdiyi vəhşiliklər danışıqlarımızda prioritet maddələr arasında idi. Türk dünyası olaraq Qəzzada baş verən insan faciəsinə qarşı sərt mövqe nümayiş etdirməliyik".

  Qırğızıstan prezidenti Sadır Çaparov “Qırğızıstan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlığın inkişafına və iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” türkiyəli həmkarına birinci dərəcəli “Manas” ordeni verib.

 



Әlaqәli Xәbәrlәr