“Təcili atəşkəs və humanitar yardım çağırışı etmişdik”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qırğızıstan ticari əlaqələrini daha da artıracaqlarını söyləyib

2206578
“Təcili atəşkəs və humanitar yardım çağırışı etmişdik”, R.T.Ərdoğan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qırğızıstan ticari əlaqələrini daha da artıracaqlarını söyləyib. O, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında çıxış edib.

İki ölkənin təhlükəsizlik qurumları arasındakı əməkdaşlığın təlim fəaliyyətləri və texniki dəstək layihələri ilə uğurla davam etdiyini vurğulayan Ərdoğan "Fətullahçı terror təşkilatı (FETÖ) başda olmaqla terrorun hər növünə qarşı mübarizəmizin fasiləsiz davam edəcəyinə inanıram. Bu gün imzalayacağımız Təhlükəsizlik Əməkdaşlığı Sazişi ilə birliyimizi daha da gücləndirmək arzusundayıq" deyib.

Qəzza başda olmaqla işğal altındakı Fələstin torpaqlarında davam edən İsrail zülmünün qlobal miqyasda vicdanları dərindən yaraladığını qeyd edən prezident "İsrailin indi də Livana yönəlmiş hücumları bütün bölgə təhlükəsizliyini və beynəlxalq sistemi təhdid edir. Azərbaycanın Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Türk Dövlətləri Təşkilatı zirvəsində Qəzzada mülki insanların fərq qoyulmadan hədəfə alınmasını qınamış, təcili atəşkəs və humanitar yardım çağırışı etmişdik. Türk dünyası olaraq Fələstin məsələsinin qalıcı və ədalətli həlli üçün səylərimizi davam etdirməyimiz olduqca vacibdir" deyə bildirib.

O, "İsrailə qarşı beynəlxalq təzyiqin artırılması üçün Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla çox tərəfli təşəbbüslərimizə Qırğızıstanın verdiyi dəstək üçün təşəkkür edirəm" ifadələrini işlədib.

Sadır Caparov Prezident Sarayında keçirilən mərasimdə Türkiyə və Qırğızıstan Respublikaları arasındakı strateji tərəfdaşlığı inkişaf etdirməyə və iki ölkə xalqları arasındakı dost münasibətləri gücləndirməyə verdiyi töhfələrə görə R.T.Ərdoğana birinci dərəcəli "Manas Ordeni" təqdim etdi. Ərdoğan isə Qırğızıstan prezidentinə Türkiyənin yerli elektrikli avtomobili TOGG-u hədiyyə etdi. Türkiyə prezidenti həmçinin Manas Universitetinə gedərək birgə açılış mərasimində iştirak etdi. 2022-ci ildə Türkiyə Maarif Dərnəyinin Qırğızıstanda məktəbinin açılması ilə təhsilə verdikləri dəstəyi təsdiqlədiklərini vurğulayan Ərdoğan bu günə qədər “Türkiyə təqaüdləri” vasitəsilə minlərlə qırğız tələbəyə ölkədə təhsil imkanı təqdim etdiklərini də bildirdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvəsində iştirak etmək üçün getdiyi Qırğızıstanın paytaxtı Bişkekdə bu səhər rəsmi mərasimlə qarşılanıb.



Әlaqәli Xәbәrlәr