Türkiyə prezidentinin Balkan səfəri region ölkələri mətbuatında
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan ölkələri Albaniya və Serbiyaya səfəri və açıqlamaları region ölkələrinin mətbuatında geniş işıqlandırılıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan dövlətləri Albaniya və Serbiyaya səfəri və açıqlamaları region ölkələrinin mətbuatında geniş işıqlandırılıb.
Albaniya Teleqraf Agentliyi (ATA) səfərə geniş yer verərək Türkiyə ilə Albaniya arasında əməkdaşlıq, kommunikasiya, təhsil və kənd təsərrüfatı sahələrində 4 müqavilənin imzalandığını vurğulayıb.
“Top Channel” Albaniya televiziya kanalı öz internet səhifəsində “Tiranada səfərdə olan R.T.Ərdoğandan Albaniyaya mesaj: FETÖ ilə mübarizəni davam etdirəcəyimizə ümid edirik” sözlərini manşetə çıxarıb.
“Balkanweb” portalı xəbərini “Ərdoğan İsrailin Tiranda Qəzza və Livana hücumlarını qınadı” başlığı ilə verib.
Serbiyanın rəsmi xəbər agentliyi “Tanjuq” Ərdoğanın “Serbiya ilə əlaqələrimiz, sözün əsl mənasında qızıl çağını yaşayır” açıqlamasına diqqət çəkib.
Serbiya Radio və Televiziyası isə R.T.Ərdoğanın iqtisadiyyatla bağlı açıqlamalarını, iki ölkə arasında sənaye sahəsində əlaqələrin yaxşılaşdırılmasına dair sözlərini vurğulayıb.
Türkiyə prezidentinin mətbuat konfransındakı fikirləri Bosniya Herseqovinanın ən çox oxunan qəzeti “Dnevni Avaz”ın internet portalında “Ərdoğan Belqraddadır: Bosniya Herseqovinada sabitliyi qorumaq əzmi təsdiqləndi” başlığı ilə yer alıb. Onun Balkanlarda sülhün qorunması və Kosovo ilə Serbiya münasibətlərində ehtiyatlı davranması ilə bağlı yanaşmasına da toxunulub. Xəbərdə Ərdoğanın Qəzza, işğal altındakı Fələstin torpaqları və Livandakı proseslərdən bəhs etdiyi də yazılıb.
Xorvatiya Radio və Televiziyası Albaniyadan sonra Serbiyaya səfər edən R.T.Ərdoğanın sülhün qorunması üçün Serbiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcəkləri barədə bəyanatını diqqətə çatdırıb.
Türkiyə dövlət başçısının Albaniya səfəri zamanı açıqladığı “Kamikadze” pilotsuz uçan aparatının Albaniyaya bağışlanması xəbəri isə Kosovo mətbuatında manşet olub. Ölkənin ən böyük xəbər agentliyi olan “KosovaPress” sözügedən məlumata geniş yer ayırıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə Sudandakı vəziyyətdən narahatlığını ifadə etdi
Türkiyə Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətlə bağlı yazılı açıqlama verərək bildirib ...