"Əgər Rusiya və Ukrayna bu mövzuda təklifimizi qəbul edərlərsə..." R.T.Ərdoğan

Türkiyə prezidenti Vilnüsdə NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda Rusiya sülhməramlılarının qalma müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb...

2010523
"Əgər Rusiya və Ukrayna bu mövzuda təklifimizi qəbul edərlərsə..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrora qarşı ammasız və amansız mübarizə bizim qırmızı xəttimizdir. İndi bütün müttəfiqlərimizdən bu məsələdə qəti və aydın mövqe gözləyirik" deyə vurğulayıb.

  Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Hökumət Başçıları Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransındakı çıxışında deyib: “Bəzi müttəfiqlərimizin PYD/YPG ilə təhrif olunmuş əlaqələri ittifaqın birliyinə və bütövlüyünə xələl gətirir. Bunun ağlabatan və məntiqli izahı yoxdur.

  Terrora qarşı ammasız və amansız mübarizə bizim qırmızı xəttimizdir. İndi bütün müttəfiqlərimizdən bu məsələdə qəti və aydın mövqe gözləyirik”.

  Taxıl dəhlizi məsələsilə bağlı isə Türkiyə prezidenti bunları söyləyib: "Ukrayna prezidenti cənab Volodimir Zelenski təşəbbüsün davam etdirilməsinin tərəfdarıdır. Rusiya prezidenti Vladimir Putin isə bəzi təkliflər irəli sürüb. Bu təklifləri nəzərə alaraq biz yaxşı nəticə əldə etmək üçün çalışırıq.

  Rusiya və Ukrayna Türkiyənin vasitəçi olmasını istəyərsə və ya bizim bu mövzuda təklifimizi qəbul edərlərsə, biz məmnuniyyətlə qəbul edərik.

  Biz böhranı həll etmək üçün hər iki qonşumuzla dialoqları çoxaltmağa çalışırıq. Həmişə dediyimiz kimi, yenə deyirik: “Müharibədə qalib, sülhdə uduzan yoxdur”. Biz regionumuzda sülhə olan ümidləri yenidən alovlandırmaq istəyirik”.

  Türkiyə prezidenti Vilnüsdə NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda Rusiya sülhməramlılarının qalma müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb: “Bildiyiniz kimi, razılığa görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdır. 2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cürdür. Mən Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir'.

  Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyən ölkə olduğunu da dilə gətirən prezident Ərdoğan deyib: “İndiyədək biz heç bir ölkənin alyansa girməsinə mane olmamışıq. İsveçin NATO-ya üzvlük protokollarını təsdiq etmək səlahiyyəti milli iradənin nümayəndəsi olan Türkiyə Böyük Millət Məclisinindir”.

  Ərdoğan İsveçdə Quranın yandırılmasına da münasibət bildirib: “İnsanların müqəddəslərinə hücum fikir azadlığı deyil, barbarlıq, primitivlik, bir növ terror aktıdır.

  Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında Quranın yandırılması aktını pisləyən qanun layihəsinin əleyhinə səs verən ölkələr azadlıq və insan hüquqları ilə bağlı anlayışlarını yenidən nəzərdən keçirməlidir”.



Әlaqәli Xәbәrlәr