Prezident Ərdoğanın zəfərinə ilk təbrik Azərbaycandan gəldi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub və onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub və onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bu qalibiyyəti Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
İ.Əliyev R.T.Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Türkiyənin 13-cü prezidenti təbrikə və xoş sözlərə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında da geniş yer verilib. Ölkənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb.
Türkiyə mediası prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb.