OECD İstanbul Mərkəzinin rəsmi açılışı oldu
Türkiyənin ticarət naziri Mehmet Muş açılış çıxışında deyib...

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Mərkəzinin rəsmi açılışı olub. Türkiyənin ticarət naziri Mehmet Muş açılış çıxışında deyib: “OECD İstanbul Mərkəzi Türkiyə ilə təşkilat arasında məhsuldar əməkdaşlığın mühüm nəticəsidir. Geniş bir coğrafiyaya yayılmaq üçün OECD İstanbulu regional mərkəz seçib. Mərkəz həmçinin Balkanlar, Yaxın Şərq, Şimali Afrika və Avrasiyadakı OECD üzvü olmayan ölkələrə xidmət göstərəcək.
OECD-nin İstanbuldakı baş qərargahı iqlim dəyişikliyi, biznes mühiti, əlaqə və infrastruktur kimi prioritet siyasi sahələrilə regionda davamlı və inklüziv inkişafın təşviq edilməsində mühüm əhəmiyyət kəsb edir.
Türkiyə bütün qurumları ilə mərkəzin işinə dəstək və töhfə verməyə hazırdır”.
OECD-in baş katibi Matias Korman (Mathias Cormann) də öz növbəsindəki çıxışında belə söyləyib: “Türkiyə 3,5 milyondan çox suriyalı qaçqını qəbul etməsi ilə bölgədəki humanitar böhranlarla mübarizədə böyük səxavət nümayiş etdirdi. Bu yaxınlarda yenilənən Taxıl Dəhlizi Sazişi ilə də Türkiyə mühüm töhfələr verdi. Avropa, Asiya və Afrikanı bir körpü kimi birləşdirən İstanbul qlobal dialoq və əməkdaşlıq üçün unikal fürsətlər təqdim edir.
OECD İstanbulda fəaliyyətə başlayandan bu yana - bir ildən az müddətdə sosial yardım səylərinə əhəmiyyətli töhfələr verdi, 8 böyük tədbirə ev sahibliyi etdi və dünyanın hər yerindən gələn iştirakçılara yüksək qonaqpərvərlik göstərdi”.