Zəlzələdən dağılan Adıyaman və azərbaycanlılar

Adıyamana gedərək zəlzələ fəlakətinin nəticələrini yerində müşahidə edən, “Yeni Azərbaycan” qəzetinin Türkiyə təmsilçisi Sevil Hilalqızı Ünal öz məqaləsində yazır

1950018
Zəlzələdən dağılan Adıyaman və azərbaycanlılar
Adıyaman zəlzələsi_01.jpeg
Adıyaman zəlzələsi_03.jpeg
Adıyaman zəlzələsi_08.jpeg
Adıyaman zəlzələsi_06.jpeg

Zəlzələdən dağılan Adıyaman və azərbaycanlılar

  “Türkiyədə yaşanan məlum güclü zəlzələ fəlakətində ilk andan qardaş ölkəyə dəstək verən Azərbaycan oldu. Dövlət, qeyri-dövlət təşkilatlarımızla bərabər xalqımız da bu ağır günlərində maddi və mənəvi olaraq türk soydaşlarımıza humanist mövqeyini davam etdirdi və etdirir”. Bu sözləri Adıyamana gedərək zəlzələ fəlakətinin nəticələrini yerində müşahidə edən, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Sevil Hilalqızı Ünal öz məqaləsində yazır.

  Zəlzələ dağıntılarına məruz qalan 11 rayondan ən çox zərərçəkənlərdən biri də Adıyamandır ki, Azərbaycan xalq və dövlət olaraq humanitar yardımı və könüllüləri ilə bu şəhərə də dəstəyini əsirgəmir.

Zəlzələ anında dayanan saat

  Şəhərə girdiyimiz ilk andan acı tüstü qoxuyan Adıyamanın mərkəzi küçələrinin darmadağın olduğunu gördük. Həyatı alt-üst olan insanların gözlərində ölüm xofu hələ də var.

  Zəlzələnin şiddətinə valiliyin binası daxil olmaqla tikililərin çox az bir qismi tab gətirib. Bir də şəhərin mərkəzində inşa edilən saat qülləsi dağılmayıb, dayanıb, amma fevralın 6-da yerli vaxtla 04.17-də baş verən ilk zəlzələ anından saatı işləmir. 

  İkinci zəlzələdən sonra əksər binalar ya yerlə yeksan olub, ya da qəzalıdır, yaşamağa heç yaramır. Dağılan binalar şəhərin mərkəzi küçələrində daha çoxdur.

100-ə yaxın qohumunu itirən adıyamanlı

  Fəlakətdə 100-ə yaxın qohumunu itirən adıyamanlı Ferhat Taş həm də mütəxəssis baxışı ilə dedi: “Bəzi binalar “inşaat xətası və keyfiyyətsiz tikinti” idi. Şəhərin mərkəzi əsasən vaxtilə əkin sahəsi olan yerlərdə qurulduğu üçün güclü təkanlara davam gətirmədi. Çox güman ki, şəhərin mərkəzi seysmoaktiv olmayan əraziyə köçürüləcək. Mən bu fəlakətdə 100-ə yaxın qohumumu itirdim. Nə qədər təmkinli olmağa çalışsam da, bu itkilər məni çox sarsıtdı. Bu faciədə mənim kimi itkiləri olan minlərlə adıyamanlı var”.

Tüstü qoxuyan şəhər

  Adıyamanlılar hər ilkindən fərqli olaraq bu qışın sərt üzünü zəlzələdən sonra daha çox hiss etdilər.

  Şəhərdə bütün infrastruktur çöküb: bəzi yerlərdə işıq, qaz, su verilsə də, bir sıra yerlərdə heç yoxdur. 

  Kişilər ailələrini nisbətən təhlükəsiz yerlərə apararaq ocaq qalayıb alovuna isinirlər. Ailəsini heç bir yerə göndərmək imkanı olmayanlar isə quraşdırılan çadırlara sığınıblar. Çadırlarda isə tualet və su problemi var.

  Adıyamanda olduğumuz müddətdə şəhərin müəyyən yerlərində yardım məqsədilə göndərilən, qalaqlanmış geyimlər gördük. Yeni və ya ikinci əl geyimlərdən ibarət olan bu yardımlar ilk vaxtlarda bölüşdürülmədiyi üçün yağışın qabağında qaldığı, şəhərin qoxusunu aldığı, ağırlaşdığı və toz-palçığa bulaşdığı üçün yandırıldığının şahid olduq.

Ticarət nazirindən təşəkkür və salamlar

  Adıyamanlılar bu qədər dərd-bəlanın içində qonaqpərvərliklərini, qayğıkeşliklərini itirməyiblər. Başda azərbaycanlılar olmaqla onlara göstərilən dəstəklərə görə böyük şükranlıqla təşəkkür edirlər.

  “Bu ağır günlərimizdə maddi və mənəvi dəstəkləri, axtarış-xilasetmə qrupları, humanitar yardımları ilə bizim yanımızda olan can, qan, din qardaşlarımız azərbaycanlılara minnətdarlıqlarımızı bildiririk”, - deyə bu sözləri təkcə yerli əhali deyil, zəlzələ təbii fəlakətindən sonra Adıyamana gələn ticarət naziri Mehmet Muş da dedi və Azərbaycana salam göndərdi.

Azərbaycandan gələn yardımlar və Koordinasiya Mərkəzi

  Adıyamanda Ağdam, Xaçmaz və Azərbaycanın qeyri-hökumət təşkilatlarından gələn yardım TIR-larının boşaldılması üçün növbəyə dururlar.  

  Adıyamanda qurulan Azərbaycan Koordinasiya Mərkəzindən sonra artıq şəhərə gətirilən yardımların tələbata uyğun paylanması nizamlanıb.

  Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat belə bir mərkəzin zələlənin ən ağır təsir etdiyi Kahramanmaraş və Hatayda da qurulmasının məqsədəuyğun olduğunu bildirdi. TÜİB sədri dedi ki, bu humanitar yardımlar Türkiyənin Azərbaycandakı Səfirliyinin nəzarəti ilə həyata keçirilir. 

Qırmızı köhnə avtomobili ilə Türkiyəyə dəstək üçün gedən azərbaycanlı

  Bu şəhərə Azərbaycandan 25 könüllü gedib. Onların arasında Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək üçün qırmızı köhnə avtomobilinə evində, qohum qonşuda olan hər nə varsa yükləyib yola çıxdığı mənzərə ilə məşhurlaşan Sərvər Bəşirli də var idi. O, evsizliyin necə ağır bir yük olduğunu anladığı üçün türk qardaşlarına əlindən gələn, bacardığı hər köməyi verəcəyini dedi.

  Koordinasiya Mərkəzinin Adıyaman Gənclik Mərkəzinin ərazisində qurulmasından məmnuniyyətini ifadə edən mərkəzin sədri Mahmut Yıldırım dedi: “Belə bir mərkəzin fəaliyyəti gələn yardımların çeşidlənməsinə, israf olunmadan istifadəsinə imkan verir. Azərbaycanın maddi və mənəvi dəstəyi bizi ürəkləndirir. Göndərdikləri humanitar yardımların koordinasiya olunması dəstəyi də ürəyimizdən xəbər verdi. İnanırıq ki, qandaş, soydaş, dindaş azərbaycanlı qardaşlarımızla birlik-bərabərlik ruhumuz  və dövlətlərimizin qüdrəti bizi bu fəlakətdən xilas edəcək”.



Әlaqәli Xәbәrlәr