Türkiyənin ən sürətli metro xətti istifadəyə verildi
Yeni metro xəttinin açılış mərasimində iştirak edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib...



Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib.
Anadolu Agentliyi xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində iştirak edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib: “Gündəlik 800 min sərnişin həcmli bu metro xətti sayəsində Kağıthanedən İstanbul Hava Limanına 24 dəqiqəyə çatmaq mümkündür. Türkiyə bu layihə ilə metro inşaatında da gücünü və qabiliyyətini bütün dünyaya sübut etdi.
İstanbul dünyada ən çox dəmir yolu sisteminə malik şəhərlərdən biridir. Biz tikintisi davam edən metro xətlərini istifadəyə verəndə İstanbulun elə bir guşəsi qalmayacaq ki, rels sistemləri çatmasın.
Qara dənizi Aralıq dənizinə birləşdirəcək “Kanal İstanbul” layihəsi həm boğazın yükünü yüngülləşdirəcək, həm də İstanbulun marka dəyərini artıracaq”.
Ərdoğan mərasimdəki çıxışında Türkiyənin yeni seçki prosesində olduğuna da toxunaraq bildirib: “Yaxın keçmişdə bəzi dairələr küçə etirazları, terror və dövlət çevrilişi cəhdləri ilə Türkiyənin irəliləməsinə mane olmağa çalışdı. Türkiyə hökuməti çoxsaylı sınaqlardan uğurla keçdi. Bəziləri iqtisadiyyatımızı məhv etmək üçün çox əldən getdi, lakin buna nail ola bilmədilər. Bacarmayacaqlar da”.
Әlaqәli Xәbәrlәr

Ərdoğan ilə Şeyx Məhəmməd bin Zayed arasında telefon danışığı olub
Görüşdə Türkiye-BƏƏ əlaqələri və regional inkişaflar müzakirə edilib.