"Əsas məqsəd o həyəcanı, coşqunun sevincini onlarla bölüşmək idi", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyası (TİSK) qurultayındakı çıxışında Azərbaycanda keçirilən “Qardaş yumruğu” təlimindən bəhs edərək söyləyib

1915640
"Əsas məqsəd o həyəcanı, coşqunun sevincini onlarla bölüşmək idi", R.T.Ərdoğan

 

  "Azərbaycanda hərbi təlim vardı. Bu, azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirilən bir təlim idi. Qardaşlarımızla bizim əsgərlərimiz, komandanlarımızın birlikdə keçirdikləri təlim sona çatdı. Onlarla telefon əlaqəsi qurub təbriklərimizi çatdırdıq. Əsas məqsəd o həyəcanı, coşqunun sevincini onlarla bölüşmək idi". Bu sözrləri prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyası (TİSK) qurultayındakı çıxışında Azərbaycanda keçirilən “Qardaş yumruğu” təlimindən bəhs edərək söyləyib.

  Türkiyə dövlətinin başçısı vurğulayıb ki, hərbi təlimlərin məqsədi sərhəddə baş verə biləcək problemləri yerindəcə həll etmək olub.

  Azərbaycan prezidenti İlham Əliyevlə vəziyyəti müzakirə edib birlikdə plan hazırlayaraq addım atdıqlarını xatırladan Türkiyə prezidenti deyib ki, proseslər azərbaycanlı-türk qardaşlığını “İki dövlət, tək millət” anlayışında birləşdirir. Biz atdığımız addımları bundan sonra da davam etdirəcəyik.

  Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə şəxsi heyət təltif olunub.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyətlə görüşdə çıxış ediblər.

  “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər. İ.Əliyev şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, bu birliyin sarsılmaz və əbədi olduğunu vurğulayıb.

  Türkiyə prezidenti R.T.Ərdoğan isə “Bir millət, iki dövlət” anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi Azərbaycan-Türkiyə birliyinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıraraq bütün şəxsi heyəti təbrik edib.



Әlaqәli Xәbәrlәr