“Rəsmi təsdiq üçün konkret bir tarix söyləyə bilmirik”, F.Altun

Norveçin aparıcı qəzetlərindən olan "Aftenposten"in suallarını cavablandıran F.Altun deyib...

1873000
“Rəsmi təsdiq üçün konkret bir tarix söyləyə bilmirik”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Fəxrəddin Altun bildirib ki, Türkiyə Suriyada əməliyyata nə vaxt başlayacağına qərar verəcək.

  Norveçin aparıcı qəzetlərindən olan "Aftenposten"in suallarını cavablandıran F.Altun deyib: “Suriyada separatçı PKK/YPG terror təşkilatı həm Türkiyə əsgərlərinə, həm də Türkiyənin himayəsində olan Suriya vətəndaşlarının yaşadığı ərazilərə hücum edir. Türkiyə üçün əsas məsələlər vətəndaşlarının canlarının və mallarının təhlükəsizliyi, regional sülh və sabitliyin vacibliyidir.”

  "Aftenposten"in “Türkiyə Suriyada əməliyyatın nə vaxt başlayacağına qərar verəcək?” və “Türkiyənin hərbi əməliyyatı Rusiya hakimiyyətinin razılığı və dəstəyi olmadan başlaya bilərmi?” suallarına Fəxrəddin Altun belə cavab verib: “Türkiyə atacağı hər hansı addım üçün kimsənin icazəsi və ya razılığını almır”.

  Türkiyədə Finlandiya və İsveçin NATO-ya üzvlüyünün rəsmi təsdiqi üçün bir tarix olub-olmadığı ilə bağlı sualı F.Altun belə cavablandırıb: “Sözügedən hər iki ölkə Madriddə verdikləri vədlərə əməl edərlərsə, onların üzvlüyü təsdiqlənəcək. Türkiyə Böyük Millət Məclisi hazırda yay məzuniyyətindədir, fəaliyyət göstərmir. Ona görə də bu gün konkret bir tarix söyləyə bilmirik.

  Türkiyənin Finlandiya və İsveçdən iki əsas gözləntisi var. Əvvəla, NATO-nun müttəfiqlik ruhuna zidd olan, müdafiə sektoruna qarşı sanksiyaların ləğvini xahiş edirik. İkinci məsələ, Türkiyəni təhdid edən terror təşkilatlarına qarşı konkret addımlar atmalıdırlar. Bu çərçivədə həm PKK/YPG, həm də 2016-cı ildə Türkiyədə çevrilişə cəhd edən və 251 nəfəri qətlə yetirən FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvlərinə sığınacaq verməmələrini tələb edirik. İsveç və Finlandiya bu tələbləri yerinə yetirəcəklərini bildiriblər. Onlar müttəfiq olmaq istəyirsə, lazım olanları sübut etməlidirlər”.



Әlaqәli Xәbәrlәr