Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi

İsveçin baş naziri Maqdalena Andersson bu barədə bağlı deyib...

1849408
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi
Nato Zirvesi Madrid2.jpg

 

  İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə, Finlandiya və İsveç dövlət başçıları keçirilən görüşdən sonra memorandum imzalanıb.

  Anadolu Agentliyi xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson bir araya gəliblər.

  Müzakirələrdən sonra Finlandiya və İsveç liderləri terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər.

  Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər.

  Beləliklə, üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.

  İsveçin baş naziri Maqdalena Andersson bu barədə bağlı deyib: "Görüş uzun çəkdi. Finlandiya prezidenti Sauli Niinistö və mən terrorla mübarizə qanunvericiliyi çərçivəsində gördüyümüz bütün tədbirlər haqqında məlumat verdik. Diqqətə çatdırdıq ki, iyulun 1-dən biz bu qanunvericiliyi həqiqətən sərtləşdiririk. Bununla yanaşı, ölkələrimizin NATO-ya nə töhfə verə biləcəyini də bildirdik."

  NATO-nun Baş katibi Yens Stoltenberqin yaxın saatlarda daha ətraflı məlumat verəcəyi gözlənilir.

  Xatırladaq ki, NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson bir araya gəliblər. Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.

  Qeyd edək ki, bu məsələdə Türkiyənin mövqeyi dəyişməzdir. Prezident Ərdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.



Әlaqәli Xәbәrlәr