Türkiyə ilə Ermənistan arasında növbəti normallaşma danışıqları oldu
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xüsusi nümayəndələrin prosesin qeyd-şərtsiz davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha təkrar etdikləri vurğulanaraq bildirilib...
Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xüsusi nümayəndələrin prosesin qeyd-şərtsiz davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha təkrar etdikləri vurğulanaraq bildirilib: “Xüsusi nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi əvvəllər elan edilmiş hədəfi təsdiqləyiblər. Bu kontekstdə onlar öz konkret fikirlərinə dair səmimi və konstruktiv fikir mübadiləsi aparıblar və bu istiqamətdə konkret irəliləyiş üçün atıla biləcək mümkün addımları müzakirə ediblər."
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında ilk normallaşma danışıqları yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada baş tutub. Bu görüşdə Ermənistanla Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb. Xüsusi nümayəndələr ikinci iclası 2022-ci il fevralın 24-də yenidən Vyanada keçirilib. Sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində keçirilən Antaliya Diplomatiya Forumunda iştirak edib.